Mercedes-AMG bölümü GLC 43 və GLC 43 Coupe indeksli krossoverləri yeniləyib. Avtomobillərin ön bamperinin forması və ön fənərlərinin tərtibatı dəyişibdir. Bundan başqa, yenilənmiş modellər daha güclü GLC 63 və GLC 63 Coupe modellərinin üslubunda radiator barmaqlığına sahib olublar.
Yenilənmiş Mercedes-AMG GLC 43 və GLC 43 Coupe modellərinin əvvəlkindən şaquli zolaqları olan Panamerica radiator barmaqlığı sayəsində tanımaq olar. Əvvəllər Panamerica yalnız AMG bölümünün top modellərinin imtiyazı idi. Bundan başqa, avtomobillərin ön və arta fənərlərinin tərtibatı, həmçinin ön bamperin forması və buraxılış sisteminin çıxış borularının forması dəyişdirilibdir. Artıq çıxış boruları trapesiyaşəkilli deyil, yumru formaya malikdirlər. 19-düymlük təkər diskləri modelin standart təchizatına daxildir, 21-düymlüklər isə opsional olaraq quraşdırıla bilər.
43 seriyasından olan krossoverlər 3,0-litrlik V6 turbomühərriki ilə hərəkətə gəlirlər. Yenilənmədən sonra mühərrikin gücü 23 at qüvvəsi artaraq 390 at qüvvəsinə bərabər olub. Fırlanma anı əvvəlki kimi 520 Nm-dir. Güc aqreqatı 9-pilləli AMG Speedshift TCT qutusu və AMG Performance 4Matic ötürmə sistemi ilə tandemdə çalışır. Tam ötürmə sistemi adi halda firlanma anını oxlar arasında 31:69 nisbətində bölür. Avtomobillərin dinamik göstəriciləri dəyişilməyib: 100 km/saata 4,9 saniyə və 250 km/saat.
Krossoverlərin təchizatına elektronika idarələnən amortizatorları olan AMG Ride Control+ pnevmoasqısı, beş hərəkət rejimi (Slippery, Comfort, Sport, Sport+ və Individual) olan AMG Dynamics sistemi və dəyişən ötürmə əmsalı olan elektromexaniki sükan gücləndiricisi daxil edilib. Salondakı yeniliklər səs yardımçısına və spesifik AMG tənizmləmələrinə malik olan MBUX kompleksinin son versiyasından və sensorlu düymələri olan sükan çarxından ibarətdir.