Yeni nəsil Mercedes-Benz GLE ailəsinin yeni üzvü təqdim olunub. Bu, Mercedes-AMG GLE 53 4Matic+ modelidir. Yeni model GLE43 4Matic+ modelini əvəz edəcəkdir. Krossover elektrik kompressoru və 48-voltluq şəbəkəsi olan yumşaq hibrid güc aqreqatı ilə təchiz edilir. Bundan başqa, yarış trekindəki dövrələrin yazılması və təhlilinə imkan verən AMG Track Pace dəsti də krossoverin təchizatına daxil edilib.
“Qaynar” krossoverin güc aqreqatının tərkibinə turbokompressor və elektrik kompressoru ilə təchiz edilmiş 3,0-litrlik sıralı altısilindrli mühərrik, 48-voltluq şəbəkədən qidalanan EQ Boost startyor-generatoru və doqquz diapazonlu “avtomat” daxildir. Aqreqatın hasilatı 435 at qüvvəsi və 520 Nm-dir. EQ Boost sistemi qısa müddətə mühərrikin hasilatını 22 at qüvvəsi və 250 Nm artıra bilər.
Mercedes-AMG GLE53 4Matic+ modeli 100 km/saat həddini 5,3 saniyəyə toplayır. Onun maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılıb. Modelin təchizatına elektromexaniki köndələn dayanıqlılıq stabilizatoruna və beş dempfirləmə rejimi olan amortizatorlara malik olan pnevmoasqı, yeddi profili olan hərəkət rejimlərinin selektoru, dəyişən ötürmə əmsalı olan sükan idarəetməsi və öndə ikiporşenli, arxada isə birporşenli supportları olan əyləc mexanizmləri daxildir.
Zahiri cəhətdən GLE 53 modelini 15 şaquli zolağı olan radiator barmaqlığı, 20-düymlük təkər diskləri (22-düymlük disklər opsiyadır) və arxa diffuzoru sayəsində tanımaq olar. Krossoverin salonunda qarışıq tərtibatı olan idman oturacaqlarını və jestləri tanıyan MBUX mediakompleksini görmək olar.Sistemin funksionallığını təhlil üçün 80 parametri yadda saxlayan AMG Track Pace əlavəsi sayəsində artırmaq olar.