Mercedes-AMG bölməsi özünün 55 illik yubileyini xüsusi F1 Edition seriyasından olan Mercedes-AMG GT 63 S E Performance hibridinin təqdimatı ilə qeyd edir. Liftbək kuzovun xüsusi “manufaktura” rəngini, genişləndirilmiş aerodinamik paketi, habelə karbon, nappa dərisi və mikrofiber parçası ilə tərtib edilmiş interyeri alıb. Xüsusi nəşrin qiyməti təxminən 143.000 avro təşkil edəcəkdir.
Mercedes-AMG GT 63 S E Performance liftbəki Affalterbaxdan olan ən güclü seriya modeli adını qürurla daşıyır. Onun 4.0-litrlik V8 biturbo mühərriki, AMG Speedshift MCT-9G “avtomatı” və arxa oxdakı elektrik mühərrikindən ibarət olan hibrid qurğusu 843 at qüvvəsi və 1470 Nm fırlanma anı hasil edir. “Bərkgedən” liftbək 100 km/saat həddinə sürətlənməyə cəmi 2,9 saniyə sərf edir. Avtomobilin maksimal sürəti elektronika tərəfindən 316 km/saat həddində məhdudlaşdırılıb.
Eyni zamanda, xüsusi nəşr, Mercedes-AMG GT 63 S E Performance liftbəkinin texnologiyalarının Formula 1 ilə sıx əlaqəsini xatırlatmalıdır. F1 Edition versiyası MANUFAKTUR alpine grey rənginə boyanır və yan tərəflərdəki AMG etiketləri, habelə kuzovun aşağısı boyu uzanan qırmızı haşiyə ilə tamamlanır. Liftbəkin təchiz edildiyi 21-düymlük təkər disklərində, F1 çempionatının rəsmi təcili yardım avtomobili olan Mercedes-AMG GT 63 S 4Matic+ modelinin rəng sxemindən istifadə olunub.
Liftbək standart olaraq AMG Aerodynamics paketi ilə təchiz edilir. Bu paketə bərkidilmiş arxa antiqanad, optimallaşdırılmış diffuzor, daha böyük splitter, ön bamper və qanadlardakı əlavə deflektorlar daxildir. Parlaq qara dekoru və emblemləri olan AMG Night Package Exterior və AMG Night Package II,habelə yanacaq çəninin gümüşü rəngli AMG qapağı avtomobilin standart təchizatına daxildir.
Mercedes-AMG GT 63 S E Performance F1 Edition modelinin interyeri klassik qara və qırmızı rəng sxemində tərtib edilib. AMG Performance oturacaqları əsl nappa dərisi ilə üzləniblər. Liftbək qırmızı təhlükəsizlik kəmərləri, qırmızı saplı karbonplastikdən örtmələr, nappa və mikrofiber ilə tərtib edilmiş AMG Performance sükanı, həmçinin xüsusi seriyaya aid olduğunu göstərən xatirə lövhələrini əldə edib.
Hər bir müştəri üçün bonus da nəzərdə tutulub – bu, nəfəs ala bilən materialdan hazırlanmış və F1 loqotipi ilə bəzədilmiş firma tent-örtüyü və firma ayaqaltılarıdır. Bütün bunlar liftbəkin qiymətinə 23 800 avro əlavə edəcəkdir. Almaniyada Mercedes-AMG GT 63 S E Performance modelinin qiyməti 119.015,60 avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.