İki il bundan əvvəl debüt etmiş Mercedes-AMG GT Black Series modelinin istehsaldan çıxarıldığı barədə məlumat peyda olub. Bu barədə xəbəri MB Passion tematik bloqu yayıb. Resursun məlumatına görə, 2020-ci ilin 27 oktyabr tarixindən bu günə qədər Zindelfingendəki zavodda ekstremal superkarın 1700 ədəddən çox nüsxəsi istehsal olunub. Əgər bu söylənənlər doğrudursa, AMG GT kupesinin ekstremal versiyası “Qara Seriyanın” tarixindəki ən kütləvi avtomobil olacaqdır. Əvvəl bu adı 700 nüsxəlik tirajla buraxılmış CLK 63 Black Series modeli daşıyırdı.
Mercedes-AMG GT Black Series modeli debüt anına alman markasının ən güclü seriya avtomobili olub: superkarın radikal şəkildə yenidən işlənilmiş 4,0-litrlik V8 biturbomühərriki 730 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir. Superkarın yüngülləşdirilmiş və sərtləşdirilmiş kuzovu AMG GT3 və AMG GT4 yarış avtomobillərindən ilham alınaraq yaradılıb. Kupe 100 km/saat həddini 3,2 saniyəyə toplayır və 325 km/saata qədər sürətlənə bilər. Əlavə ödəniş qarşılığında, superkarı tərkibinə təhlükəsizlik karkası, dördnöqtəli kəmərləri və yanğınsönürmə sistemi daxil olan AMG Track paketi ilə təchiz etmək mümkündür.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.