Mercedes-AMG bölməsi rəsmi olaraq GT superkarının ekstremal Black Series versiyasını təqdim edib. “Qara Seriya”dan olan kupe AMG markasının tarixindəki ən güclü biturbomühərrikə, aerodinamik elementlərə, adaptiv amortizatorları olan asqıya, həmçinin təkərlərin quraşdırma bucağını tənzimləmək imkanına malik olub.
Mercedes-AMG GT Black Series kupesindəki əsas yenilik M178 LS indeksinə sahib olan təkmilləşdirilmiş 4,0-litrlik V8 biturbomühərrikidir. Turbomühərrik yastı dirsəkli val və Hot-V sxeminə əsasən quraşdırılmış iki turbokompressor ilə təchiz olunmuşdur. Turbokompressorlar böyüdülmüş qanadcıqlıqlar ilə təchiz edirlər və bunun sayəsində hər saatda 1100 kiloqrama qədər hava üfürmək imkanına malik olublar. Təkmilləşdirilmiş mühərrik 730 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir.
Transmissiya - transaxle sxeminə əsasən quraşdırılmış və mühərrikə karbon lifindən hazırlanmış boru ilə qoşulan iki muftalı 7-pilləli AMG Speedshift DCT 7G “robot”udur. Karbondan hazırlanmış boru alüminium analoqundan 40% daha yüngüldür və GT R versiyasından götürülmüşdür.
Mercedes-AMG GT Black Series modeli 100 km/saat həddinə 3.2 saniyəyə sürətlənir. Onun 0-dan 200 km/saat həddinə sürətlənməsinə isə 9,0 saniyə tələb olunur. “Qara Seriya”dan olan kupenin maksimal sürəti saatda 325 kilometrdir.
Kupenin aerodinamik xüsusiyyətlərini yaxşılaşdırılmasına GT3 və GT4 kateqoriyası üçün hazırlanmış yarış avtomobillərindən götürülmüş kanallar və kəsiklər xidmət edir. Bundan əlavə, avtomobilin tamamilə rəvan altında aşağı təzyiq zonası yaradan xüsusi ön splitter və iki hərəkət edən səthi olan arxa antiqanad quraşdırılmışdır.
Qanadın alt bıçağı kuzovu əhatə edən hava axını götürür, yuxarı hissə isə, arxa oxdakı yerəbasma gücünü dəyişdirən və elektronika tərəfindən 20 dərəcə diapazonunda tənzimlənə bilən flap ilə təchiz edilmişdir. Flapın iş alqoritmi, eyni zamanda, AMG Dynamics sisteminin seçilmiş profilindən də asılıdır.
Ekstremal Mercedes-AMG GT Black Series modeli standart olaraq karbon-saxsı əyləc mexanizmləri, coil-over tipli dayaqlar və adaptiv AMG Ride Control amortizatorları, sürücü tərəfindən tənzimlənən ön və arxa köndələn dayanıqlılıq stabilizatorları, həmçinin və xüsusi olaraq bu modeli üçün hazırlanmış Michelin Pilot Sport Cup 2 MO şinləri ilə təchiz olunmuşdur.
Bundan əlavə, kupeni bəzi bazarlarda AMG Track Package dəsti ilə də sifariş etmək mümkün olacaqdır. Bu dəstin tərkibinə boltlarla bağlanan titandan hazırlanmış təhlükəsizlik qəfəsi, hər iki oturacaq üçün dördnöqtəli təhlükəsizlik kəməri və iki kiloqramlıq yanğınsöndürəndən daxildir.
Kupenin interyerinin tərtibatında Nappa dərisindən və mikrofibradan istifadə edilir. Avtomobilin standart təchizatına karbondan hazırlanmış yarış oturacaqları, AMG Performance sükan çarxı və yüngül qapı panelləri daxildir.