Mercedes-AMG GT kupesi iki illik fasilədən sonra yenidən model çeşidə qayıdır. Xatırladaq ki, əvvəlki modelin istehsalı 2021-ci ilin sonunda dayandırılmışdı. İlk baxışdan qarşımızda restaylinq keçmiş kupenin dayandığını hesab etmək olar: superkarın həm xarakterik dizaynı, həm də nisbətləri qorunub saxlanılıb. Amma əslində ikinci nəsil AMG GT superkarı tamamilə fərqli dizayna sahibdir. Faktiki olaraq, yeni sportkar cari Mercedes-AMG SL kabrioletinin sadəcə bağlı versiyasıdır!

Əgər yeni modeli əvvəlki AMG GT ilə müqayisə etsək, yeniliyin fərqli aqreqat quruluşuna keçdiyini görmək mümkündür. Arxa oxda quraşdırılan ötürmələr qutusu olan Transaxle sxemindən imtina edilib: yeni kupe ənənəvi sxemə - mühərrikin arxasında yerləşən transmissiya quruluşuna malikdir. Birincisi, bu, nəhayət, tam ötürmə sistemini (əvvəlki AMG GT qəti şəkildə arxa ötürməli idi) tətbiq etməyə imkan verib, ikincisi, arxa oxun üstündəki boş yer və artan təkər bazası (2630 əvəzinə 2700 millimetr) kupeni daha əlverişli edib.

Baza versiyasının salonu ikiyerlidir, lakin əlavə ödəniş müqabilində AMG GT modelini 2+2 oturacaq düsturu ilə sifariş etmək olar: arxa cərgə boyu 1,5 metrdən çox olmayan sərnişinlər üçün nəzərdə tutulub. Dörd oturacaqlı konfiqurasiyada baqaj bölümünün həcmi 321 litrdir. Qatlanmış arxa cərgə bu həcmi 675 litrə qədər artırır. Müqayisə üçün: əvvəlki kupenin baqaj bölməsi cəmi 165 litr tuturdu. Ümumi ölçülər də nəzərəçarpacaq dərəcədə artıb: kupenin uzunluğu 4728 millimetr, eni - 1984 millimetr, hündürlüyü isə 1354 millimetr təşkil edir.

Yeni GT kupesi SL kabrioletdən təkcə sərt damın mövcudluğu ilə deyil, həm də dizaynı ilə fərqlənir: kupe fərqli optikaya, kapot və ön qanadlar da daxil olmaqla özünəməxsus kuzov panellərinə malikdir. Lakin texniki cəhətdən hər iki avtomobil eynidir və eyni interyer dizaynına malikdirlər. Kuzovun strukturunda polad, alüminium, maqnezium ərintiləri və kompozit materiallardan istifadə olunur. Sifarişçiyə 20 və ya 21 düymlük təkər diskləri arasında seçim etmək təklif olunur.

Aktiv aerodinamika kompleksi də demək olar ki, eynidir. Ön bamperin altında karbonplastikdən “dodaq” quraşdırılıb ki, sürət 80 km/saata çatdıqdan sonra, o, 40 millimetr aşağıya doğru enir və avtomobilin altında havanın burulğanlaşmasına  səbəb olur: bu, ön oxdakı yuxarı qalxma qüvvəsini azaldır və avtomobili yola “yapışdırır”. Arxa spoyler də 80 km/saat həddində yuxarı qalxır və beş mövqeyə malikdir. Bununla belə, sabit antiqanadı da sifariş etmək də mümkündür.

Radiatorların qarşısında mürəkkəb Airpanel jalüzi sistemi quraşdırılıb. Onun aşağı hissəsi (bamperin arxasında) şaquli arakəsmələrə, yuxarı hissəsi isə (əsas barmaqlığın arxasında) üfüqi bölmələrə malikdir. Adi vəziyyətdə bütün jalüzilər bağlıdır, lazım olduqda elektronika aşağı arakəsmələri açır, yuxarı jalüzilərin açılması üçün isə, sürət həddinin 180 km/saatı aşması lazımdır.

Kupenin müxtəlif modifikasiyaları artıq digər Mercedes-Benz avtomobillərindəki kimi hərflərlə deyil, rəqəmsal prefikslərlə işarələnəcək. Hələlik, iki qoşa axınlı turbokompressoru olan 4,0-litrlik V8 benzin mühərriki ilə təchiz edilimiş iki versiya mövcuddur. Mercedes-AMG GT 55 versiyası 476 at qüvvəsi və 700 Nm hasil edən mühərriklə hərəkətə gəlir, "böyük" Mercedes-AMG GT 63 kupesi isə 585 at və 800 Nm-ə malikdir. Əslində iki versiya yalnız proqram təminatı və üfürmənin maksimum təzyiqinə görə fərqlənir.

Doqquz pilləli AMG Speedshift MCT 9G ötürmələr qutusu hidrotransformatorun əvəzinə yaş muftası olan klassik planetar “avtomatdır”. Artıq bazada ön oxu birləşdirmək üçün çoxdiskli muftası və elektron idarə olunan arxa differensial kilidi olan 4Matic + tam ötürməsi var. Bəzi hərəkət rejimlərində kupeni arxa ötürməli etmək üçün mufta tamamilə söndürülə bilər.

Mercedes-AMG GT 55 adaptiv amortizatorları və adi stabilizatorları olan yaylı asqıya malikdir. 63 indeksli kupe isə, AMG Active Ride Control şassisinə əsaslanır: stabilizatorların əvəzinə sol və sağ tərəflərin dayaqlarını birləşdirən hidravlik sistem quraşdırılıb. Ön sol təkərin sıxılma klapanı birbaşa ön sağ təkərin geri dönmə klapanına bağlıdır və əksinə. Eyni hal arxa ox üçün də keçərlidir. Elektronika asqının sərtliyini dəyişdirərək bütün hidravlik sistemdəki təzyiqi tənzimləyə bilər. Ön oxu isə ayrıca 30 millimetr qaldırmaq da mümkündür. Məsələn, pandusu keçmək üçün.

Tam idarələnən şassi əvvəlki AMG GT modelinin yalnız müəyyən versiyaları üçün təklif edilirdi, indi isə, baza təchizatına daxildir. Elektrik aktuatorlar arxa təkərləri 2,5 dərəcəyə qədər döndərə bilir. 100 km/saata qədər sürətlərdə onlar manevr qabiliyyətini yaxşılaşdırmaq üçün ön təkərlərlə əks istiqamətə, 100 km/saat həddindən sonra isə, sabitliyin artırmaq üçün eyni istiqamətdə dönürlər. Standart əyləclər öndə altı porşenli, arxada tək porşenli supportlara və tərkibli disklərə malikdirlər.

Məlum məsələdir ki, bütün bu dəstlə AMG GT daha ağır olub. Baza versiyasının boş çəkisi 1895 kiloqramdır (sürücü nəzərə alınmadan). Bu, bənzər SL kabrioletində olduğundan hətta 20 kiloqram artıqdır! Lakin dinamika istənilən halda təsiredicidir: yeni GT 55 100 km/saata 3,9 saniyəyə, GT 63 isə 3,2 saniyəyə sürətlənir. Maksimal sürət isə, müvafiq olaraq, 295 və 315 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Mercedes-AMG GT bu ilin sonuna kimi satışa çıxmalıdır. O, qohumç SL kabrioletindən daha baha olacaq. Qiymətlər hələlik açıqlanmayıb, lakin hazırda Mercedes-AMG SL 55 kabrioletinin Almaniyadakı satış qiyməti 167 min avrodan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.