Almaniyanın "Sport Auto" jurnalı Mercedes-AMG GT R trek superkarının Nürburqrinqin "Şimal ilgəyində" keçirilmiş ilk testləri barədə videomaterialı dərc etmişdir. "Bərkgedən" kupe 20 kilometrlik "Yaşıl cəhənnəmi" 7 dəqiqə 10,92 saniyəyə qət edərək alman markasının bu trekdəki ən sürətli yol avtomobili olmuşdur.
Mercedes-AMG GT R superkarı Ferrari 488 GTB (7 dəqiqə 21,63 saniyə) və beş il bundan öncə "Şimal ilgəyində" ən sürətli seriya avtomobili olmuş Lexus LFA (7 dəqiqə 14,64 saniyə) trek avtomobilindən yeyin olmuşdur. Bununla belə, Mercedes-AMG GT R modeli treki tam çəkişli avtomobillərdən yavaş qət etmişdir. Misal üçün, Nissan GT-R Nismo kupesi bu treki 7 dəqiqə 08,68 saniyəyə, Lamborghini Aventador SV superkarı isə 6 dəqiqə 59,73 saniyəyə qət etmişdirlər.
Mercedes-AMG GT R modeli bu ilin yayında təqdim edilmişdi. Kupe 585 at qüvvəsi olan 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə və yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Superkara ilk 100 km/saat sürətini toplamağa 3,6 saniyə vaxt tələb olunur. Onun maksimal sürəti isə 318 km/saat təşkil edir.
GT R modeli tam idarəolunan şassiyə, aktiv aerodinamikaya, yayların gərilməsini əllə idarə etməyə imkan verən adaptiv asma sisteminə, elektronika ilə idarə edilən yüksək sürtünməli arxa differensiala və doqquz rejimi olan yarış trekşn-kontroluna malikdir.
Trek superkarının buraxılış tirajı 2 min nüsxədən ibarət olmalıdır. Almaniyada Mercedes-AMG GT R üçün 165,4 min avro ödəmək gərəkdir.