Yazda Mercedes-AMG şirkəti “bərkgedən” GT 4-door Coupe liftbekini üç modifikasiyada təqdim etmişdir. Bu modifikasiyalar 435-639 at qüvvəsi arasındakı gücü olan üç variantda təklif olunurdular.
Bu günlərdə alman istehsalçısı avtomobilin dördüncü modifikasiyasını təqdim edib.
Yeni modifikasiya GT Coupe ailəsində qiyməti 100 min avrodan aşağı olan yeganə modeldir.Texniki cəhətdən Mercedes-AMG GT 43 4-door Coupe modeli GT 53 4-door Coupe modifikasiyasından mühərrikin gücü ilə fərqlənir. Yeni modifikasiya GT 53 versiyasında olduğu kimi turbokompressor və elektrik kompressoru ilə təchiz edilmiş 3,0-litrlik altı silindrli mühərriklə təklif edilir. Lakin, GT 43 üçün mühərrikin gücü 435 at qüvvəsindən 367 at qüvvəsinə, fırlanma anı isə 520 Nm-dən 500 Nm-ə qədər azaldılıb.
Yeri gəlmişkən, bənzər mühərrik Mercedes-Benz CLS 450 modelinin də kapotunun altında yerləşdirilmişdir.
Mercedes-AMG GT 53 4-door Coupe variantında olduğu kimi, GT 43 4-door Coupe modifikasiyası da EQ Boost hibrid sisteminə malikdir.
48 voltluq şəbəkədən çalışan startyor-generator 22 at qüvvəsi və 250 Nm hasil edir. Elektromotor həmçinin sürətlənmənin ilk saniyələrində yardım edir, həmçinin hərəkət zamanı mühərriki söndürüb - işə salmağa köməklik göstərir. Güc aqreqatı 9-pilləli AMG Speedshift TCT 9G “avtomatı” və 4Matic+ tam çəkiş sistemi ilə tandemdə çalışır. Mercedes-AMG GT 43 4-door Coupe modeli 100 km/saat həddinə 4,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 270 km/saatdır. Müqayisə üçün, 53 indeksli model 100 km/saat sürətini 4,5 saniyəyə toplayır və 285 km/saat maksimal sürətə malikdir.
Yeni modifikasiyanın Almaniyadakı qiyməti 95260 avrodan başlayır.