Məşhur Garrett Motion şirkətinin mütəxəssisləri Affalterbaxdan olan həmkarları ilə birlikdə Formula 1 bolidlərində istifadə edilən eTurbo texnologiyasını seriya avtomobilləri üçün adaptasiya ediblər. Mühəndislərin qarşısında duran əsas məsələ, mümkün qədər az enerji sərf etməklə, turbomühərriklərin üzləşdiyi "turboçalanın" minimuma endirilməsi idi.
Yeni eTurbo texnologiyasının əsas cəhəti birbaşa turbokompressora inteqrasiya edilmiş 40 millimetrlik elektromotordur. Turbokompressorun valında quraşdırılmış miniatür elektromotorun əsas vəzifəsi, işləmiş qazların daxil olmasına qədər, onu preventiv olaraq fırlatmaqdır.
Elektrik mühərrik kompressoru dəqiqədə 170 min dövrə qədər sürətləndirməyə qadirdir və 48 voltluq sistemdən qidalanaraq işləyəcəkdir. Bu texnologiyanın, mühərriki aşağı dövrlərdə yüksək fırlanma anı ilə təmin edəcəyi bildirilib.
Eyni zamanda, mühərrikin akselerator pedalının basılmasına olan reaksiyasının əhəmiyyətli dərəcədə yaxşılaşacaqdır, Nəticədə AMG idman avtomobillərinin idarə olunması daha emosional hala gələcəkdir.
"Bu, texnologiyaların Formula 1-dən yol avtomobillərinə ötürülüməsinin ən yaxşı nümunəsidir. Yeni texnologiya bizə, turboüfürməni əvvəllər mümkün olmayan səviyyəyə çatdırmağa imkan verəcəkdir", - Mercedes-AMG bölməsinin rəhbəri Tobias Moers bildirib.
Tezliklə eTurbo texnologiyasının AMG bölməsinin yeni seriya modelində tətbiq ediləcəyi bildirilir, lakin bunun hansı model olacağı hələlik dəqiqləşdirilməyib. Çox güman ki, belə texnologiyanı ilk alan model Mercedes-AMG One hiperkarı olacaqdır.