Nəhayət! Mercedes-Benz şirkətinin Formula 1 mühərrikini şəhər avtomobilinə quraşdıracağını bəyan etdiyi gündən beş il yarım keçdikdən sonra, bu möcüzəvi avtomobilin seriya versiyası qarşımızdadır!
Sözü birbaşa Mercedes-AMG bölməsinin rəhbəri Filip Şimerə veririk: “Mercedes-AMG ilə sərhədlərimizi genişlədirdik. Müasir Formula 1 mühərrikinin adaptasiyası zamanı qarşıya çıxan texniki problemlər iradəmizin əsl sınağına çevrildi. Modeli işləyib hazırlayarkən, bir çoxları bu layihəni başa çatdırmağın qeyri-mümkün olduğunu hesab edirdilər. Lakin Affalterbax və Böyük Britaniyadan olan komanda heç zaman təslim olmağı düşünmür və özlərinə inanırdılar. Mən bu layihədə çalışanların hər bir şəxsə dərin hörmət bəsləyir və onların komanda işi ilə fəxr edirəm”.
Hiperkarın əsas “fişkası” onun Formula 1 bolidindən götürülmüş 1,6-litrlik altsilindrli PU106C turbomühərrikinin müdhis gücüdür. Mühərrik dəhşətli 11 min dövr/dəqiqəyə qədər sürətlənir və 574 at qüvvəsi hasil edir.
Bununla belə o, Euro-6 ekoloji standartlarına cavab verir və onun resursu 50 min kilometrdir. Mühərrik 7-pilləli avtomatik ötürmələr qutusu ilə birləşdirilib. Ən maraqlısı odur ki, bu tandemin yanacaq sərfiyyatı 100 kilometrə 8,7 litrdir!
Lakin iş bununla bitmir. Daxili yanma mühərrikinə dörd elektrik mühərriki yardım edir və onlar ümumilikdə 1063 at qüvvəsi hasil edirlər. İlk iki mühərrik ön təkərlərdə quraşdırılıb. Daha bir mühərrik dirsəkli valda yerləşərək, eyni zamanda rekuperator rolunda çıxış edir. Sonuncu elektrik mühərriki isə, benzin mühərrikinin turbokompressoruna yardım edir.
Hiperkarın 100 km/saata sürətlənməsi 2,9 saniyə çəkir, 4,1 saniyədən sonra isə o, 200 km/saat həddinə çatır. Maksimal sürət 325 km/saatdır.
Məlum məsələdir ki, hibrid hiperkar kiçik olsa da, batareyasız ötüşə bilməz. Batareya 8,4 kilovat-saat tutuma malikdir və hiperkar onun sayəsində elektrik ötürməsi ilə cəmi 18 kilometr qət edə bilər. Mercedes-AMG One hiperkarının çəkisi 1 695 kiloqramdır.
AMG One karbon monokoka malikdir, üstəlik, daxili yanma mühərriki və ötürmələr qutusu da daşıyıcı element kimi çıxış edirlər. Ən vacibi isə, asqı “formula” üçün ənənəvi olan texnologiya ilə hazırlanıb. Lakin Formula 1 bolidindən fərqli olaraq, buradakı detallar karbonda deyil, alüminiumdan hazırlanıblar. Bu möhtəşəmliyi yüksək məhsuldarlıqlı karbon-keramik əyləc mexanizmləri tamamlayırlar.
Mercedes-AMG bölməsinin Formula 1-də əldə etdiyi təcrübə təkcə güc qurğusunda və asqıda deyil, interterdə də istifadə olunur. AMG One modelinin interyeri də yarış texnologiyaları ilə sevindirə bilər. Məsələn, möhtəşəm idman kreslollarını, Formula 1 bolidində quraşdırılana bənzəyən düzbucaqlı sükan çarxını və iki 10-düymlük sensorlu ekranı göstərmək olar.
Bununla birlikdə, salonda adi mülki avtomobillərdə rastaşdığımız elementlər də var: havalandırma sisteminin deflektorları, klimat-kontrol, dinamiklər və elekttrik şüşəqaldıranları. Ənənəvi arxa görüntü güzgüsünün əvəzinə kamera quraşdırılıb.
Artıq məlum olduğu kimi, Mercedes-AMG One hiperkarı 275 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Bütün avtomobillər artıq sahiblərini tapıblar. Onlardan hər birir 2,7 milyon dollara satılıb. Yeri gəlmişkən, bu, möhtəşəm Bugatti Chiron hiperkarından 300 min dollar bahadır.
Şayiələrə görə, almanlar Mercedes-AMG One modelində Nürbuqrinqin yeni rekordunu qeydə almaq niyyətindədirlər. Hiperkarın ilk kütləvi debütü bu yay Qudvudda keçiriləcək Sürət Festivalında baş tutmalıdır.