Mercedes-AMG bölməsi və alman Hartan premium brendi növbəti uşaq arabasını yaratmaq üçün güclərini birləşdiriblər. Yeni model Mercedes-AMG GT adlanır, premium materiallar ilə tərtibata və Affalterbaxdan olan avtomobillərin disklərinin dizaynını tam şəkildə təkrarlayan təkərlərə sahib olub. Mercedes-AMG GT arabacağının qiyməti açıqlanmır, lakin tirajını nəzərə alsaq, heç də az deyil: uşaq arabası 299 nüsxəlik tirajla buraxılacaqdır.
Uşaq arabası və onunla dəstə çatdırılan qatlanan çanta qırmızı naxışlı əsl dəridən hazırlanıb, habelə bolluca AMG və Hartan loqoları ilə bəzədiliblər. Uşaq arabasının daxili hissəsi idman avtomobillərinin oturacaqlarında istifadə olunan Dinamica mikrofiber ilə örtülüb.
Uşaq arabası asqılı sabit dönən təkərlərlə təchiz edilib - yaradıcılarının sözlərinə görə, bu arabanı “istənilən ərazidə” sürməyə imkan verir. Təkərlərin dizaynı, əsl Mercedes-AMG modellərinin təkər disklərinin dizaynını kiçik miqyasda təkrarlayır - belə yaraşıqlı detal hər iki markanın yaratdığı digər uşaq arabalarında da istifadə olunub.
Mercedes-AMG GT uşaq arabasının təchizatına reflektorlar, maqnit bərkidicisi olan beş nöqtəli kəmər (əlbəttə ki, loqo ilə), günəşlik və əl əyləci daxildir. Beşik əvəzinə, çardaq kimi bir neçə mövqedə tənzimlənən və hətta hərəkət istiqamətinin əksinə çevrilə bilən oturacaq quraşdırıla bilər.
Uşaq arabasının ölçüləri 69 x 58,5 x 31 santimetrdir ki, bu da onu qatlayaraq AMG avtomobilinin baqajında yerləşdirməyə imkan verir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.