Bu gün Mercedes-Benz şirkətinin mətbuat xidməti alman istehsalçısının Frankfurtda nümayiş etdirəcəyi yeniliklər barədə açıqlama verib. İstehsalçı 14 - 24 sentyabr tarixlərində öz stendində 100 yaxın avtomobili nümayiş etdirəcəyini bildirib.
Bu avtomobillərin arasında yeni X-Class pikapı, S-Class kupe və kabrioletinin AMG variantları, GLC modelinin bazasında yaradılmış EQ hidrogen konsepti və Smart şoukarı vardır. Mercedes-Benz əsas diqqəti alman istehsalçısının ilk hiperkarı olan Project One layihəsi üzərində cəmləyib.
Ən maraqlısı da odur ki, mətbuat xidmətinin dərc etdiyi tizerdə 2013-cü ilin Mercedes-AMG Vision Gran Turismo konseptini xatırladan avtomobil nümayiş olunur.
Ağ rəngli kuzovlu avtomobil alman markasının idman avtomobillərinə xas olan Panamerica radiator barmaqlığına malikdir.
Xatırladaq ki, istehsalçı bir müddət bundan öncə xüsusi seçilmiş müştəriləri üçün avtomobilin baölı təqdimatını da keçirib. Hiperkarın bağlı təqdimat mərasimində iştirak etmiş alman markasının müştərilərindən biri, onun 1020 at qüvvəli güc qurğusunun tərkibinə dörd elektromotorun daxil olduğunu bildirib.
Adının açıqlanmasını istəməyən müştəri Project One modelini sifariş verdiyini söyləmiş və hiperkarı növbəti şəkildə təsvir etmişdir: «Bu avtomobil həqiqətən hər cəhətdən ekstremal bir avtomobildir». Bununla belə, hiperkarın hibrid güc qurğusunun tərkibinə daxil olan 1,6-litrlik mühərrikin gücünün 748 at qüvvəsi olduğu söylənilir. Bu altı silindrli mühərrik dəqiqədə 11 min dövrəyə qədər sürətləndirilə bilər.
Qurğunun elektrik qüvvəsi isə 408 at qüvvəsi təşkil edəcəkdir. İki elektromotor ön oxda yerləşdiriləcək, daha iki elektrik mühərriki isə turbinanın ötürməsi və dirsəkli val üçün istifadə ediləcəkdir.
Mercedes-AMG bölməsinin rəhbəri Tobias Moers bir müddət bundan əvvəl hiperkarın elektrik komponentlərinin Formula 1 bolidindən götürüldüyünü bildirmişdir. Ehtimallara görə, 1,6-litrlik mühərrikin yürüş ehtiyatı 50 min kilometrə bərabərdir.
Bu göstəricidən sonra mühərrik ya dəyişdirilməli, yaxud da ki, təmir edilməlidir. Automobile dərgisinin verdiyi məlumatda avtomobilin çəkisinin 1300 kiloqram olduğu da bildirilmişdir. Frankfurt avtosalonunda nümayiş etdiriləcək hiperkarın ehtimal olunan qiyməti 2,4 milyon avro olmalıdır. Əvvəllər hiperkarın bütün tirajının satıldığı bildirilmişdir.