Bildiyimiz kimi, sabah Mercedes-Benz şirkətinin ən iddialı layihələrindən biri olan Project One adlı hiperkarının təqdim olunacağı gündür. Artıq uzun müddətdir ki, alman istehsalçısı oxucuları avtomobilin tizerləri ilə məşğul etməyə çalışır. Bu günlərdə hiperkarın arxa hissəsinin aydın göründüyü tizer dərc edilib. Tizerdən avtomobilin "vəhşi" görkəmə malik olduğu aydın görünür.
Avtomobilin iki hava çəpərinin və damın üzərindəki Formula 1 avtomobillərinə xas olan hava girişinin olduğunu görə bilərsiniz. Bundan başqa, arxa hissədə top lüləsinə bənzər səsboğucu sistemin borusunu da görmək olar. Əvvəllər istehsalçı avtomobilin texniki hissəsi də daxil olmaqla bir neçə tizerini dərc etmişdi.
Xatırladaq ki, istehsalçı bir müddət bundan öncə xüsusi seçilmiş müştəriləri üçün avtomobilin baölı təqdimatını da keçirib. Hiperkarın bağlı təqdimat mərasimində iştirak etmiş alman markasının müştərilərindən biri, onun 1020 at qüvvəli güc qurğusunun tərkibinə dörd elektromotorun daxil olduğunu bildirib.
Hiperkarın hibrid güc qurğusunun tərkibinə daxil olan 1,6-litrlik mühərrikin gücünün 748 at qüvvəsi olduğu söylənilir. Qurğunun elektrik qüvvəsi isə 408 at qüvvəsi təşkil edəcəkdir. İki elektromotor ön oxda yerləşdiriləcək, daha iki elektrik mühərriki isə turbinanın ötürməsi və dirsəkli val üçün istifadə ediləcəkdir. Mercedes-AMG bölməsinin rəhbəri Tobias Moers bir müddət bundan əvvəl hiperkarın elektrik komponentlərinin Formula 1 bolidindən götürüldüyünü bildirmişdir.
Ehtimallara görə, 1,6-litrlik mühərrikin yürüş ehtiyatı 50 min kilometrə bərabərdir. Bu göstəricidən sonra mühərrik ya dəyişdirilməli, yaxud da ki, təmir edilməlidir. Automobile dərgisinin verdiyi məlumatda avtomobilin çəkisinin 1300 kiloqram olduğu da bildirilmişdir. Frankfurt avtosalonunda nümayiş etdiriləcək hiperkarın ehtimal olunan qiyməti 2,4 milyon avro olmalıdır.
Əvvəllər hiperkarın bütün tirajının satıldığı bildirilmişdir.