Mercedes-Benz SL rodsterinin varisinin AMG bölməsi tərəfindən yaradıldığı barədə artıq məlumat vermişik. Yeni Mercedes-AMG SL modelinin Münhendə keçirilən IAA Mobility avtosalonunda təqdim olunacağı gözlənilsə də, alman istehsalçısı bunu etmədi. Bu günə qədər yeni modelin nə zaman debüt edəcəyi bəlli deyildi, lakin artıq bu məsələyə də aydınlıq gətirilib – AMG model çeşidinə transfer olan SL modeli 28 oktyabr tarixində debüt edəcəkdir.

Artıq qeyd etdiyimiz kimi, dəbdədbəli qrand turer AMG Performance bölməsi tərəfindən yaradılan ilk SL modeli olacaqdır. Yeni modelin yumşaq dam örtüyünə, daha sərt quruluşlu kuzova, tan ötürməyə və 800 at qüvvəli hibrid güc qurğusuna sahib olacağı gözlənilir.

Məlum məsələdir ki, yeni SL modelinin dizaynında AMG dizaynerlərinin dəsti-xətti özünü aydın biruzə verir – buna misal kimi, Panamerica radiator barmaqlığını və buraxılış sisteminin kvadrat formalı çıxış borularını göstərmək olar. Uzun kapot və qısa arxa hissə SL modelinin xarakterik xüsusiyyətləridir. Eyni zamanda, alman istehsalçısı sərt damdan imtina edərək, yeni modeli qatlanan yumşaq damla təchiz edib. Yeni tavan bir neçə kiloqrama qənaət etməyə imkan verəcəkdir.

Yeni Mercedes-AMG SL modelinin eksteryer dizaynı sirr kimi qorunsa da, onun interyeri üzərindəki sirr pərdəsi tamamilə götürülüb. Rəsmi olaraq SL artıq rodster deyil, kabrioletdir: Mercedes-AMG SL modeli boyu 1,5 metrdən çox olmayan sərnişinlər üçün nəzərdə tutulmuş ikinci oturacaq sırasına malikdir. İkinci cərgədə demək olar ki, şaquli kürək hissəsi, qısa yastıqları və ayaq zonasındakı məkan çatışmamazlığı olan oturacaqlar quraşdırılıb.

Ancaq bu oturacaqlardan əlavə  baqaj bölməsi kimi də istifadə etmək də olar. Son dəfə belə həll yolundan R129 nəsilindən olan modeldə (1989-2001) istifadə edilmişdi. Şirkət Mercedes-AMG SL modelinin interyerini "hiper-analoqlu" adlandırır: almanlar burada rəqəmsal texnologiyaların və analoq cazibədarlığının birləşdiyini iddia edirlər. Sonuncunun əlamətləri -havalandırma sisteminin turbin formalı deflektorları və əvvəlki kimi yuvaya salınmış 12,3-düymlük virtual cihazlar panelinin ekranıdır. 

Qeyd etmək lazımdır ki, bu qismən məcburi bir qərardır, çünki günəşli havada açıq damla hərəkət edərkən, günəşliyi olmayan ekran amansızca bərq vuracaqdır. MBUX media sisteminin monitorunun bərq vurmasını azaltmaq üçün başqa bir həll yolu icad edilib. Yumşaq dam qatladıqdan sonra, ayrıca elektrik ötürməsi multimedia sisteminin ekranını avtomatik olaraq daha şaquli vəziyyətə gətirəcəkdir. Sensorlu ekranının diaqonalı 11,9 düymdür. Displey bir neçə rejimə və göstərmə üslubuna, habelə menyunun spesifik AMG bölmələrinə malikdir.

Mercedes-AMG SL kabrioletinin təchizatına proyeksiya ekranı, Burmester audio sistemi, kontur işıqlandırması (64 rəngdə) daxildir. Oturacaqların nappa dərisi (iki rəngli seçimlər), habelə dəri və mikrofiber birləşməsi ilə üzlənməsini sifariş etmək olar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.