Mercedes-AMG və Cigarette Racing şirkətləri Mayamidə keçirilən qayıq sərgisində 41’ AMG Carbon Edition sürət qayığını nümayiş etdiriblər. Bu tərəflərin üzərində işlədiyi 11-ci layihədir. Ənənəyə uyğun olaraq sürət qayıqları Mercedes-AMG bölməsinin müasir modellərindən birinə həsr edilir. Bu dəfə, 41 futluq qayığın inşası zamanı Mercedes-AMG GT 4-Door Coupe modelindən ilham alınıbdır.
Bu layihədə Cigarette Racing mütəxəssisləri çəkinin maksimal dərəcədə azalmasıni təmin etmək üçün qayığın inşası zamanı karbon lifindən geniş istifadə ediblər: karbondan həm gövdənin, həm də göyərtənin hazırlanmasında istifadə olunub. Nəticədə, yeni qayıq iki il bundan öncə tərəflərin inşa etdiyi 50’ Marauder AMG qayığından 250 kiloqram yüngül alınıb.
41’ AMG Carbon Edition qayığı dörd Mercury Racing 400R mühərriki ilə təchiz edilib. Güc aqreqatlarının ümumi hasilatı 1600 at qüvvəsi təşkil edir ki, bu da qayığa 83 dəniz mili (142 km/saat) həddinə qədər sürətlənməyə imkan verir. Səkkiz nəfəri qəbul edən qayıq uzun müddət maksimal sürətlə hərəkət edə bilər. Qayıq kreyser sürətində hərəkət zamanı 20 nəfəri daşımaq imkanına malikdir.
Hər zaman olduğu kimi, qayığın dizaynına Mercedes cavabdeh olub. Baş dizayner Qordon Vagenerin rəhbərliyi altında qrafika, lak-boya örtüyü və daxili tərtibat dizaynı hazırlanıb. Qayığın kokpitində üç ədəd 17-düymlük Full-HD sensorlu displeyi quraşdırılıb. Oturacaqların üzlənməsində istifadə edilən “Cigarette Cool” dərisi qəbul edilən istiliyin 30 faizini qaytarmaq kimi xüsusiyyətə malikdir.