Mercedes-Benz şirkəti yeni Vision EQXX konseptinin növbəti tizerini yayımlayıb. Xatırladaq ki, Vision EQXX konsepti Ştuttaqart istehsalçısının 1200 kilometrdən çox yürüş ehtiyatı vəd etdiyi ən uzunmənzilli elektromobildir. Müqayisə üçün, elektrik EQS flaqmanı dolu batareya ilə elektrik yükləmədən 770 kilometr (WLTP dövrü ilə) məsafə qət edir. Carscoops nəşrinin iddiasına görə, "inanılmaz yürüş məsafəsi olan yüksək məhsuldarlıqlı elektromobilin" debütü 22 iyul tarixində baş tutmalıdır.

Mercedes-Benz şirkəti Vision EQXX konsept avtomobilinin ilk tizerlərini keçən ilin oktyabrında nümayiş etdirib. Tizerlərdə avtomobilin siluetini və ön tərəfin bir hissəsini görmək olardı.

Yeni tizerdə avtomobilin fənərlərini birləşdirən LED zolaq, “şişirdilmiş” təkər tağları və kapotun üzərindəki iki havalandırma dəliyi göstərilir. Elektromobil haqqında başqa məlumatlar hələlik verilməyib. Alman istehsalçısı yalnız elektromobilin Formula 1 üçün güc qurğuları hazırlayan Mercedes AMG High Performance Powertrains ilə əməkdaşlıqda yaradıldığını bildirib.

Vision EQXX konseptinin əsasını MEA (Modular Electric Architecture) arxitekturası təşkil edə bilər. Məlum olduğu kimi, elektrik xəttinin flaqmanı olan EQS modeli də MEA platformasında inşa edilib. Üstəlik, bu platformadan gələcək EQS SUV krossoverinin istehsalında da istifadə ediləcəkdir.

Konseptin batareyası 800 volt gərginlik altında işləyəcək və 250 kilovatlıq yükləməni dəstəkləyəcəkdir. Tam doldurulmuş batareya konseptə Pekindən Şanxaya qədər olan məsafəni qət etməyə imkan verəcəkdir. Bu isə, 1200 kilometrlik yürüş ehtiyatı deməkdir.

Yeni strategiyaya görə, Mercedes-Benz şirkəti bu on illiyin sonunda daxili yanma mühərriklərindən tamamilə imtina edəcəkdir.

2030-cu ilə qədər marka mövcud hər bir modelin elektrik versiyasını buraxmağı vəd edir. Bununla belə, DYM-li avtomobilləri fərqli bazarlardan fərqli zamanlarda çıxarılacaqdırlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.