Mercedes-Benz şirkəti retro üslubunda olan konseptual rodsterin təsvirlərini dərc edib. Konseptin silueti Vilhelm Maybax və Pol Daymler tərəfindən 1901-ci ildə Ştutqartda yaradılmış Mercedes 35 PS modelini təkrar edir. Vintaj görünüşlü konsept müasir texniki hissəyə malikdir.
Ən birinci benzin avtomobillərindən olan Mercedes 35 PS modeli sifarişçisinin qızı Mersedesin şərəfinə adlandırılıb. Avtomobilin indeksindəki rəqəm və hərflər onun mühərrikinin gücündən xəbər verib – 35 at qüvvəsi. O zamanlar, Maybax və Daymlerin hazırladıqları özügedən ekipaj XX əsrin əvvəlinin ən qabacıl texnologiyalarını özündə cəmlədiyi üçün, onu “ilk müasir avtomobil” adlandırılarmış.
Vision Mercedes Simpex prototipi də tarixi model kimi açıq təkərlərə, bənzər konturlara, kəmərlə bərkidilmiş mühərrik qapağına, kokpitdəki minimalizmə və keçən əsrin yarış bolidlərinə xas olan oturuşa malikdir. Konseptin içalatı isə futuristikdir: ənənəvi radiator barmaqlığı çəhrayı qızıldan haşiyəsi olan üçölçülü displey ilə əvəzlənib, kapotun altında isə, alternativ enerji mənbələrindən qidalanan güc qurğusu yerləşdirilib.
Qeyri-adi konseptin yaradıcılarının məqsədi “lyuks Mercedes-Benz brendinin irsini və gələcəyini” bir məmulatda cəmləmək olub. Vision Mercedes Simplex konsepti Nitsada (Fransa) keçiriləcək Design Essentials 2019 sərgisində debüt edəcəkdir.