Məhdud 275 nüsxəlik tirajla buraxılacaq Mercedes AMG One hiperkarı hələ də müştərilərə çatdırılmayıb, lakin alman istehsalçısı artıq onun varisi haqqında danışmağa başlayıb. Hətta yeniliyin tizerini də göstərib. Şəkildəki avtomobil Vision AMG EV adlanır və onun üzərindəki sirr pərdəsi mayın 19-da götürüləcəkdir. Bu, 2025-ci ildə azsaylı tirajla buraxılacaq minik avtomobilinə çevriləcək konsept olacaqdır.
Formula 1 avtomobillərindən götürülmüş 1000 at qüvvəli 1,6-litrlik hibrid güc aqreqatı ilə təchiz edilən AMG One hiperkarından fərqli olaraq, yeni avtomobil yalnız elektrik ötürməsi ilə hərəkətə gələcəkdir. Əslində, Vision AMG EV haqqında məlum olan faktlar bununla bitir.
Bununla belə, hazırda AMG bölməsinin Mercedes EQS sedan və krossoverinin, habelə EQE ailəsinin “qaynar” üzvləri üzərində işlədiyi məlumdur. Xatırladaq ki, indiyədək alman brendinin elektromobilləri güc baxımından yeni avtomobil istehsalçılarının, xüsusən də Tesla modellərindən xeyli geri qalırdılar.
Yeni hiperkarın təqdimat tarixini nəzərə alsaq, Mercedes’in yax;n üç ildə silahlanma yarışından kənarda qalacağını söyləmək olar. Hazırda Rimac Nevera elektrik hiperkarı 100 km/saat sürətini 1,89 saniyəyə toplamaqla dünyanın ən sürətli avtomobilidir. Öz növbəsində, Tesla Model S Plaid modeli bu işə iki saniyəyə sürətlənmə ilə dünaynın ən dinamik sedanı tituluna iddialıdır. Müqayisə üçün qeyd edək ki, AMG One bu işə 2,2 saniyə sərf edir və 2025-ci ilə qədər Mercedes-Benz elektromobilləri heç də sürətli avtomobili olmayacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.