Belə görünür ki, Mercedes-Benz rəhbərinin Avropa avtomobil sənayesinin gələcəyi ilə bağlı son açıqlamaları təkcə Avropa İttifaqı hakimiyyətini avtomobil istehsalçılarına əlavə dəstək vermək üçün yumşaltmaq cəhdi deyilmiş. Alman mətbuatı ilk baxışdan paradoksal görünən bir məlumatı əldə edib: Mercedes-Benz şirkəti BMW ilə öz avtomobillərinin kapotu altında Bavariya mühərriklərinin quraşdırılması ilə bağlı danışıqlar aparır.

Alman işgüzar “Manager Magazin” nəşri Mercedes-Benz şirkətinin adı açıqlanmayan yüksək vəzifəli meneceri ilə söhbət zamanı, Ştutqart istehslçısının BMW konserni ilə danışıqların aparıldığını və tərəflərin artıq “anlaşma və planlaşdırmanın yüksək səviyyəsinə” çatdıqlarını öyrənib. Mənbə sövdələşmə barədə məlumatın bu ilin sonuna qədər ictimaiyyətə açıqlanacağını və BMW mühərrikləri ilə təchiz edilmiş ilk Mercedes-Benz avtomobillərinin 2027-ci ildə peyda olacağını bildirib.

Əbədi rəqiblər arasında belə sıx əməkdaşlıq ilk baxışda absurd görünsə də, bunun tamamilə məntiqi izahı var. Mercedes-Benz şirkətinin işləri hazırda o qədər də yaxşı getmir: bu ilin ikinci rübündə mənfəət keçən ilki 3,06 milyard avrodan 0,96 milyard avroya düşüb. Bunun günahkarı təkcə satışların azalması deyil, həm də yeni daxili yanma mühərriklərinin yaradılmasına deyil, elektromobil texnologiyalarına böyük sərmayələrin qoyulmasıdır.

Nəticədə, yeni Mercedes-Benz CLA modeli artıq Çinin Geely şirkəti tərəfindən istehsal olunan M252 indeksli 1,5-litrlik turbomühərrikdən istifadə edir. İndi belə görünür ki, təkcə ən kiçik litrajlı mühərriklərin deyil, həm də ümumiyyətlə dördsilindrli Mercedes-Benz mühərriklərinin gələcəyi sual altındadır!

Gələcəkdə şirkət diqqəti altı və səkkiz silindrli mühərriklərin modernləşdirilməsinə və istehsalına yönəldirmək niyyətindədir. 2,0-litrlik turbpmühərrikləri isə, Mercedes-Benz şirkəti BMW konsernindən alacaq. Bu, Ştutqart istehsalçısına özünün dördsilindrli mühərriklərindən tamamilə imtina edərək xərcləri azaltmağa imkan verəcək, BMW isə, belə mühərriklərin istehsal həcmini artırmaqla mənfəətini çoxlada biləcək.

Yeri gəlmişkən, Geely şirkətinin də 2,0-litrlik turbomühərrikləri var və o, Mercedes-Benz şirkətilə bölüşə bilərdi, lakin Çin mühərrikləri əvəzinə Avropa mühərrikləri ABŞ bazarındakı gömrük təzyiqini azaltmağa kömək edəcək və Mercedes-Benz şirkətinin imicinə dəyən ziyan xeyli az olacaq.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.