Cari nəsil Mercedes-Benz C-Class modeli bu ilin fevralında yenilənib. Bununla belə, alman istehsalçısının yeniliklər hazırladığından əminik - ən azından sedanın C53 indeksli “qaynar” modifikasiyasının işıq üzü görəcəyini söyləmək olar.
Lakin, Mercedes-Benz şirkəti təkcə təkmilləşdirmələr ilə kifayətlənmək fikrində deyildir. Artıq alman istehsalçısı 2020-ci ildə debüt edəcəyi ehtimal edilən beşinci nəsil C-Class modelinin üzərində çalışmaları aparır. Buna bu günlərdə cəsuslara rast gəlmiş prototip işarə edir.
Auto Express nəşrinin dərc etdiyi cəsus fotoşəkillərindən göründüyü kimi, yeni nəsil Mercedes-Benz C-Class modeli yeni ön və arxa fənərlərə və növbəti nəsil bayraqdar S-Class sedanının prototiplərindəkinə bənzər ön bamperə sahibdir.
Yeni nəsil C-Class modeli geniş çeşiddə modul mühərrikləri ilə təchiz ediləcəkdirlər ki, bunların arasında sıralı altı silindrli mühərriklər də olacaqdır. Əlbəttə ki, beşinci nəsil sedan məişət şəbəkəsindən qidalanan və sırf elektrik ötürməsi ilə 70 kilometr məsafə qət edəcək hybrid modifikasiyaya da sahib olmalıdır.
Mercedes-AMG C63 S modifikasiyasına gəldikdə isə, “bərkgedən” sedanın yeni nəsli yalnız tam çəkiş sistemi ilə təklif ediləcəkdir. Eyni zamanda, beşinci nəsil C-Class modeli zəngin avadanlıq siyahısına da malik olacaqdır. O, böyük E-Class və S-Class modellərində sınaqdan çıxmış bir sıra müasir sistemlər ilə təchiz ediləcəkdir.
Onların arasında təkmilləşdirilmiş elektron yardımçılar, təcili manevr etmə köməkçisi, həmçinin 130 km/saat həddində avtomobili idarə edən və zolağı dəyişə biulən üçüncü səviyyəli avtopilot sistemi də olacaqdır. Yeni model konstruksiyasında geniş şəkildə istifadə ediləcək alüminium detallar sayəsində ciddə şəkildə çəki atacaqdır.