Elan edildiyi kimi, Mercedes-Benz şirkəti fevral ayının son günündə C-Class modelinin kabriolet kuzovla olan variantının təqdimatını həyata keçirməlidir. Buna baxmayaraq, yeni avtomobilləri «ovlayan» cəsuslar C-Class kabrioletini kamuflyajsız şəkildə Mercedes-Benz şirkətinin dayanacağında çəkməyə nail olmuşlar. Təbiidir ki, dərhal Mercedes-Benz C-Class Cabriolet modelinin video görüntüləri İnternetdə yayımlanmışdır.
Yeni kabrioleti ön tərəfdən görüntüləmək mümkün olmasa da, dayanacaqda duran iki avtomobili arxa və yan tərəflərdən çəkmək mümkün olmuşdur. Videogörüntüləndən aydın olur ki, yeni kabriolet yumşaq dam örtüyü ilə təchiz ediləcək və C-Class Coupe modeli ilə bənzərlik daşıyacaqdır.
Bir müddət bundan əvvəl alman şirkəti C-Class Cabriolet modelinin ilk video tizerini də yayaraq, avtomobildə quraşdırılmış AirCap və AirScraf sistemlərinin necə işlədiyini göstərmişdir. Birinci sistem alın şüşənin çərçivəsində quraşdırılmış xüsusi günlükdur ki, onun əsas vəzifəsi salonu küləkdən qorumaqdır.
İkinci sistem isə, adından göründüyü kimi, oturacaq başlıqlarında quraşdırılmış deflektorlar vasitəsi ilə, sürücü və sərnişinlərin başını və boynunu soyuq havadan qoruyan isti hava təbəqəsindən ibarət «şərf» yaradır.
Yeni kabriolet C-Class ailəsi üçün təklif edilən dörd və altı silindirli benzin və dizel mühərrikləri ilə təchiz ediləcəkdir. Bundan başqa yeni kabrioletin 362 at qüvvəsi olan 3,0-litrlik V6 mühərriki ilə təchiz edilmiş «qaynar» Mercedes-AMG C43 və bərkgedən Mercedes-AMG C63/C63S variantları da təklif ediləcəkdir.
Yeni Mercedes-Benz C-Class Cabriolet modelinin ilk kütləvi nümayişi mart ayında baş tutacaq beynəlxalq Cenevrə avtomobil salonunda keçiriləcəkdir.