Mercedes-Benz şirkəti gələn ay Las Veqasda keçiriləcək istehlak elektronikasının sərgisində (CES) ikinci nəsil CLA modelini nümayiş etdirəcəkdir. Artıq alman istehsalçısının mətbuat xidməti yeni nəsil CLA modelinin tizerini də dərc edibdir.
Əslində istehlak elektronikasının sərgisində yeni avtomobilin təqdim edilməsi bir qədər qəribə görünə bilər. Lakin, indiki avtomobillərin faktiki olaraq təkər üstündə kompyüter olduğunu nəzərə alsaq, bu heç də təəccüblü deyildir.
Yeni Mercedes-Benz CLA-Class modeli adi A-Class sedanına daha bahalı və dəbli alternativ olacaqdır. CLA modelinin Las Veqasda debüt etməsi, eyni zamanda, alman istehsalçısınnın bu modeldə MBUX multimedia sisteminin təkmilləşdirilmiş variantını nümayiş etdirəcəyindən xəbər verir.