Mercedes-Benz şirkəti bir daha dəbdəbəli krossoverlər seqmentinə daxil olmaq niyyətini təsdiq etmişdir. Bu seqmentdə artıq Bentley markası öz Bentayga krossoveri ilə təkbaşına hökmranlıq edir. Bundan başqa, Britaniyadan olan digər dəbdəbəli avtomobillər istehsalçısı olan Rolls-Royce şirkəti də Gullinan adlanan yolsuzluq avtomobilinin prototipinin sınaqlarını intensivləşdirmişdir. Artıq dünən də xəbər verdiyimiz kimi, Ştutqartlıların əzəli rəqibi olan BMW şirkəti də Rolls-Royce Gullinan modeli ilə kifayətlənməyib 2018-ci ildə buraxılması planlaşdırılan X7 krossoverinin dəbdəbəli variantının olacağını təsdiq etmişdir.
Bu da azmış kimi, Lamborghini şirkəti də 2017-ci ildə Urus krossoverini bazara çıxarmağı planlaşdırır. Alman şirkətinin İdarə Heyətinin üzvü Ola Kallenius dəbdəbəli krossoverin buraxılacağı haqqında niyyətlərinin olduğunu TopGear dərgisinə müsahibəsində bildirmişdir. Şirkət nümayəndəsinin bildirdiyinə görə, əgər layihəyə yaşıl işıq yandırılarsa, dəbdəbəli krossover ancaq Mercedes-Benz GLS krossoverinin növbəti nəslinin bazasında yaradıla bilər.
«Biz belə krossoveri buraxa bilərikmi? - deyən Kallenius öz sualını belə cavablandırmışdır. - Sözün açığı mən hal-hazırda buna ehtiyac olduğunu görmürəm. Lakin, yeni platformaya əsaslanan növbəti nəslin bazasında belə bir krossoverin olacağını istisna etmirəm».
Kallenius SUV seqmentinin inkişaf etdiyini və gələcəkdə Maybach brendi altında iri krossoverin buraxılmasını məqsədəuyğun sayır. «SUV seqmenti genişlənməyə davam edir. İnsanlar hündür avtomobildə əyləşməyi və onu idarə etməyi xoşlayırlar. Biz 1997-ci ildə M-Class modelini təqdim etməklə bu seqmentə həyat verdik və gördüyünüz kimi artıq SUV seqmentində boş yer tapmaq dəfələrlə çətinləşib».
Əlbəttə ki, alman şirkətinin nələr hazırladığnı və hansı addımları atacağını demək çətindir, lakin güman edirik ki, sonunda Maybach markalı dəbdəbəli yolsuzluq avtomobilini görmək bizə nəsib olacaqdır.