Mercedes-Benz E-Class modelinin bu gün təqdim edilmiş ”bərkgedən” AMG-versiyaları, mart ayında yenilənmiş sedan və universalın təqdimatı ilə başlayan yeniləmə prosesini başa çatdırıb. Üstəlik, Mercedes-AMG E 63 modeli əsas rəqibi olan yenilənmiş BMW M5 sedanı ilə, demək olar ki, eyni vaxtda debüt edib. Eyni zamanda, E63, AMG bölməsinin hazırkı rəhbəri Tobias Moersin təqdim etdiyi son AMG modelidir. Xatırladaq ki, Moers 1 avqust tarixindən başlayaraq Aston Martin şirkətinə rəhbərlik edəcəkdir.
Mercedes-AMG E63 modelinin çöhrəsində baş vermiş dəyişikliklər “mülki” modifikasiyalar ilə eynidir – məlum məsələdir ki, “bərkgedən” modelin ön hissəsinin dizaynı fərqlidir. AMG modelinin kapotu daha kiçikdir və onun ön kənarı fənərlərə qədər çatmır. Hava qəbulediciləri də daha böyükdür, ön qanadlar da genişləniblər. Əvvəllər “bərkgedən” modelin ön qanadı adi E-Class modelindən 17 millimetr enli idisə, indi bu göstərici 27 millimetrdir. Təkər disklərinin dizaynı da dəyişdirilib: E 63 modelində 19-düymlük, E 63 S versiyasında isə 20-düymlük disklər quraşdırılır.
Salondakı dəyişikliklər də digər E-Class modellərində olduğu kimdir: model ikili qolları olan yeni sükan çarxı ilə təchiz edilir. Opsional olaraq, virtual cihazlar panelinin və multimedia sisteminin 12,3-düymlük displeylərini sifariş etmək olar (S versiyası üçün standartdır). Standart ekranlar 10,25-düymlük ölçülərə malikdirlər. Məlum məsələdir ki, “bərkgedən” modellər də səslə idarə edilən müasir MBUX multimedia kompleksini əldə ediblər.
Texniki cəhətdən dəyişikliklər demək olar ki, yoxdur. Mercedes-AMG E 63 sedan və universalında 571 at qüvvəsi və 750 Nm, E 63 S versiyalarında isə 612 at qüvvəsi və 850 Nm hasil edən 4,0-litrlik V8 biturbo mühərriki quraşdırılır . Transmissiya planetar cərgəsi olan 9G-Tronic “avtomatının” əsasında yaradılmış AMG Speedshift MCT ötürmələr qutusu hidrotransformatorun əvəzinə “yaş” mufta ilə təchiz edilib. 4Matic + tam ötürməsi ön oxdakı muftaya sahibdir.
Texniki hissədəki yeganə yenilik, mexaniki kilidlənməsi olan differensialın elektronika tərəfindən idarəolunan ilə əvəzlənməsidir. Əvvəllər belə differensial yalnız E 63 S modellərində quraşdırılırdı. Lakin, Mercedes-AMG E 63 S başqa bir özəlliyini qoruyub saxlayıb – drift rejimini. Bu rejimdə mufta preventiv olaraq açılır, ötürmələr qutusu mexaniki rejimdə işləyir və stabilləşdirmə sistemi “yuxuya gedir”. Adaptiv amortizatorları olan pnevmatik asqı əvvəlki kimi bütün versiyalar üçün standartdır.
Dinamik xüsusiyyətlər dəyişilməyib. Mercedes-AMG E 63 sedanı 100 km/saat həddinə 3,5 saniyəyə, E 63 S versiyası isə 3,4 saniyəyə sürətlənir bilər. Universal kuzovlu versiyalar sedanlardan 0,1 saniyə yavaşdırlar. Mercedes-AMG E 63 modellərinin maksimal sürət həddi elektronika tərəfindən 250 km/saatda məhdudlaşdırılıb. Mercedes-AMG E 63 S sedanı - 300 km/saat, E 63 S T universalı isə 290 km/saat həddinə qədər sürətlənə bilərlər.
Azərbaycanlı alıcılar yenilənmiş E 63 modellərinə sifarişləri yayın sonunda rəsmiləşdirə bilərlər. Mercedes-Benz E-Class modelinin kupe və kabriolet kuzovlu versiyaları E 63 modifikasiyasında buraxılmayacaqdırlar.