Mercedes-Benz şirkəti yeni nəsil Mercedes-Benz E-Class modelinin universal kuzovlu variantını (S213) bu ilin yayında təqdim etməyi planlaşdırır. Nüfuzlu Mercedes-Benz Passion Blog nəşrinin əldə etdiyi məlumata əsasən, yeni universalın rəsmi təqdimatı 6 iyun tarixində Ştutqartda keçirilən xüsusi mərasimdə baş tutacaqdır. Bundan əlavə, nəşrin əməkdaşlarının söylədiyinə görə, Mercedes-Benz E-Class Estate modelinin Avropadakı satışlarına sentyabr ayında start veriləcəckdir.

Avtomobilin xarici görünüşünün necə olacağı demək olar ki, heç kimə sirr deyildir. Artıq dəfələrlə yeni avtomobilin minimum kamuflyajla olan fotoşəkilləri internetdə dərc edilmişdir. Əldə edilmiş məlumatlara əsasən, yeni universalın baqaj bölümünün həcmi sələfinə nisbətən artacaq və 695/1950 litr təşkil edəcəkdir. Mercedes-Benz E-Class Estate modeli All Terrain adlanan «bütün yollar» üçün variantına da malik olacaqdır ki, bu avtomobilin əsas hədəfi Audi şirkətinin A6 allroad modeli olacaqdır. Bu variant standart olaraq 4Matic tam çəkiş sistemini, yenilənmiş bamperləri, kuzovun əlavə müdafiəsini, iri təkər disklərini və artırılmış klirensi əldə edəcəkdir.

Yeni universal Mercedes-Benz E-Class modeli üçün təklif edilən benzin və dizel mühərriklərindən ibarət çeşidlə ilə təchiz olunacaqdır. Əlavə olaraq, universalın «bərkgedən» E63 və E63 S Estate modifikasiyaları da təklif ediləcəkdir. Bu avtomobillər gücü mevafiq olaraq 571 və 612 at qüvvəsi olan 4,0-litrlik iki turbokompressorlu mühərriklə hərəkətə gələcəkdirlər.