«CAR» dərgisinin yaydığı xəbərdə, Mercedes-Benz şirkətinin gələcəkdə istehsal edəcəyi dörd yeni elektromobil üçün «nadir» platforma hazırladığını bildirmişdir. Bu modellərdən ikisi sedan, digər ikisi isə krossover olmalıdır. Öncədən verilən məlumata əsasən, yeni planforma EVA adını alacaqdır. Yeni platformada MRA modul platformasının komponentlərindən istifadə ediləcəkdir. Hal-hazırda MRA platformasında son nəsil C-Class və S-Class modelləri istehsal olunur. Yeni layihəyə qoyulacaq sərmayənin ümumi həcmi iki milyard dollar təşkil edir.
Alman şirkətinin ilk elektrokarı gözlənildiyindən bir il tez, 2018-ci ildə işıq üzü görməlidir. Bu avtomobil ölçülərinə görə, C-Class və E-Class modellərinin arasında yer tutacaq sedan olmalıdır. Onun ardınca isə, GLC-Class və GLE-Class modellərinin arasında yer alacaq krossover istehsal edilməlidir.
Bundan sonra, alman şirkəti S-Class’la eyni ölçülərdə olan iri sedan və GLS-Class’dan böyük krossover buraxmalıdır.
Arxa çəkişli avtomobillər 402 at qüvvəsi olan elektromotorla, tam çəkiş sistemi ilə təchiz edilmiş avtomobillər isə, ön ox üzərində yerləşdirilmiş 120 - 201 at qüvvəsi diapazonunda gücü olan elektrik mühərrikləri ilə təchiz ediləcəkdir. Akkumulyatorlar bloku avtomobilin atında quraşdırılacaqdır.
Elektromobillərin avadanlığına adaptiv asqı sistemi, fırlanma anını bölüşdürən sistem və yüksək texnologiyalı rekuperasiya sistemi daxil olacaqdır. Almanlar ildə 20 min elektromobil istehsal etməyi planlaşdırırlar. Elektromobillərdən ən ucuzunun qiyməti 100 min ABŞ dolları məbləğində olacağı ehtimal edilir.