Daimler AG konserni elektromobillərə keçid strategiyasını açıqlayıb və özünün qlobal hədəfinə düzəlişlər edib. İndi bu hədəf EV-first deyil, EV-only (“yalnız elektromobillər”) adlandırılır. Ancaq Daimler bu istiqamətdə çox ehtiyatlı davranacaqdır. Konsernin rəhbəri Ola Kalleniusun dediyinə görə, Mercedes arttıq bu onilliyin sonunadək tam şəkildə elektromobillərə keçməyə hazırdır. Ancaq vacib bir şərtlə: bu, yalnız bazarı belə bir addım atmağa hazır olduğu ölkələrdə baş verəcəkdir.
Bu ilin ən yaxın elektrik yeniliyi Mercedes-Benz EQE sedanı (ənənəvi E-Class modelinin analoqu) olacaqdır. 2022-ci ildə isə, şirkətin indiyədək şərti olaraq EQE SUV və EQS SUV (Maybach versiyası daxil olmaqla) adlandırdığı iki krossoverin debütü gözlənilir. Gələn ilin sonuna qədər Mercedes-Benz şirkəti yeddi zavodda istehsal ediləcək səkkiz elektrik modelinə malik olacaqdır.
Gələcəkdə, G-Class da daxil olmaqla, digər Mercedes-Benz modellərinin elektrik versiyaları peyda olacaqlar. Elektrik ötürməsinə keçidin yeni simvolu hələlik tizerləri dərc edilmiş Mercedes-Benz EQXX konsepti olmalıdır. Konsept aerodinamik kuzova və 1000 kilomterdən çox yürüş ehtiyatına sahib olacaqdır. Konsept 2022-ci ildə debüt etməlidir.
2025-ci ilədək şirkət elektrik quruluşlu avtomobillərin (hibridlər də daxil olmaqla) satış strukturundakı payını 50 faizə çatdırmağı planlaşdırır, halbuki bu günə qədər bu rəqəmin 25 faiz olacağı proqnozlaşdırılırdı. Yeri gəlmişkən, bu planın həyata keçirilməsi üçün vacib bazarlardan biri, elektromobillərə tələbatın xüsusilə yüksək olduğu Çindir.
Daimler hələlik daxili yanma mühərrikli avtomobillərdən tamamilə imtinanı müzakirə etmir və ya “son modelin” debüt tarixini açıqlamır. Bununla birlikdə, 2025-ci ildən sonra, konsern yalnız elektrik platformalarını yaradacaq və eyni zamanda fərqli bazar seqmentləri üçün üç universal arxitekturanı - MB.EA, AMG.EA və VAN.EA platformalarını təqdim edəcəkdir. MB.EA platforması orta ölçülü və iri sərnişin avtomobillərinin əsasını təşkil edəcəkdir. AMG.EA platforması idman modelləri və VAN.EA arxitekturası isə yüngül kommersiya modelləri üçün hazırlanır.
2022-ci ildən 2030-cu ilə qədər Daimler konserni elektromobillərə 40 milyard avro investisiya qoymaq niyyətindədir. Büdcənin bir hissəsi mövcud olan elektrik mühərriklərdən daha yığcam və daha qənaətli olacaq oxlu maqnit axını mühərriklərinin yaradılmasına yönəldiləcəkdir. Bunun üçün, Daimler AG konserni 2009-cu ildən bəri elektrik mühərrikləri istehsal edən İngiltərənin Yasa şirkətini almaq niyyətindədir.
Artıq unifikasiya edilmiş akkumulyator hüceyrələri üzərində çalışmalar gedir ki, bu hüceyrələrdən də buraxılacaq avtomobillərin 90 faizi üçün dartma batareyaları hazırlanacaqdır.Tezliklə silikon-karbon anodu olan batareyalar, uzaq perspektivdə isə sərtgövdəli batareyalar peyda olmalıdırlar.
Batareyaların istehsalı üçün, ümumi gücü ildə 200 giqavat olan səkkiz yeni giqafabrikin inşa edilməsi planlaşdırılır. Bu giqafabriklərin yerləri hələlik müəyyənləşdirilməyib və ortaqlar axtarılır. 2023-cü ildə Almaniyanın Kuppenhaym şəhərində köhnə batareyaların təkrar emalı müəssisəsi fəaliyyətə başlayacaqdır.
Bütün bunlar mövcud benzin-dizel platformalarının 2025-ci ilə qədər modernləşdirilməsini və ya yenilərinin yaradılmasını inkar etmir. Qeyd etmək gərəkdir ki, 2026-cı ilədək daxili yanma mühərriklərinin və hibrid sistemlərin inkişafına qoyulan investisiyaların 2019-cu illə müqayisədə 80% azaldılması planlaşdırılır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.