Elektrik mühərriki ilə təchiz edilmiş avtomobillərin sayının günü-gündən artması, gələcəkdə bu qəbildən sportkar və superkarların da istehsalçıların model cərgəsində öz yerlərini tutacaqlarından xəbər verir. Uzağa getmək lazım deyil - artıq Audi şirkəti belə bir avtomobili təklif edir. Bu, İnqolştat istehsalçısının Cenevrə avtomobil sərgisində tərdim etdiyi Audi R8 e-tron avtomobilidir. Elektrik sportkarı 462 at qüvvəsi və 920 Nm fırlanma anı olan elektromotorla təchiz olunur. Avtomobil saatda 100 kilometr sürətini 3,9 saniyəyə toplayır, onun maksimal sürəti isə 250 km/saat həddində məhdudlaşdırılmışdır. Audi R8 e-tron 450 kilometr yürüş ehtiyatına malikdir.
Bu günlərdə italyan dizayner Antonio Palya Mercedes-Benz markası üçün elektrik superkarının dizaynını tərtib etmişdir. O, Mercedes-Benz ELK adlandırdığı superkarın həm ümumi yollar üçün olan, həm də yarış treklərində çıxış edəcək variantının dizaynını göstərmişdir.Təsvirlərdən göründüyü kimi, dizayner, avtomobilin diod texnologiyası əsasında hazırlanmış ön işıq texnikasını, onun karbondan hazırlanmış radiator barmaqlığını təqlid edən panelinə uğurlu şəkildə uyğunlaşdırmışdı.
Superkarın təkərləri, yaxşı aerodinamikanı təmin etmək məqsədi ilə, geniş təkər tağları ilə örtülür. Avtomobilin arxa fənərlərinin dizaynı ön işıq texnikasının üslubunda dizayn edilsədə bir qədər Lamborghini Veneno modelinin arxa işıqlarına bənzərlik daşıyır.
Avtomobilin trek günləri üçün nəzərdə tutlumuş variantı iri qabaq splitter, digər disklərlə, arxa spoyler və diffuzorla, həmçinin Mercedes-AMG Petronas F1 komandasının rəngləri ilə seçilir.