Elektrik güc qurğusu ilə hərəkətə gələn yığcam Mercedes-Benz EQA krossoveri 20 yanvar tarixində, onlayn şəkildə keçiriləcək tədbirdə debüt edəcəkdir.
Mercedes-Benz şirkətinin EQ xəttindəki ən kiçik krossover olacaq EQA elektromobilinin ilk tizeri bir neçə il əvvəl nümayiş etdirilmişdi. Artıq yığcam krossover təqdimata hazırdır. Elektromobilin seriya versiyasının onlayn təqdimatı yanvar ayının 20-sində, çərşənbə günü, bakı vaxtı ilə 14:00-da Mercedes me firma media platformasında baş tutacaqdır.
Ilkin olaraq, satışa 190 at qüvvəli elektrik mühərriki ilə təchiz edilən Mercedes-Benz EQA 250 elektrik krossoverinin mono-ötürməli versiyası çıxarılacaqdır. Sonradan, krossoverin 272 at qüvvəli elektrik mühərriki və tam ötürmə sistemi ilə təchiz edilən modifikasiyası debüt edəcəkdir.
Batareyanın tutumu və dolu batareya ilə yürüş ehtiyatı barədə hələlik məlumat verilməyib. Casus şəkilləridən göründüyü kimi, EQA krossoveri Mercedes-Benz şirkətinin EQ subbrendinin digər modellərinə bənzəyəcəkdir. Krossoverin salonu GLA krossoverinin üslubunda dizayna malikdir.
Mercedes-Benz EQA modelinin standart təchizatına mövcud olan yürüş ehtiyatını və yol boyu batareyanı yenidən doldurmağın zəruriliyini nəzərə alaraq, gedəcəyiniz yerə qədər olan ən sürətli marşrutu hesablayan Electric Intelligence funksiyasına malik naviqasiya sistemi daxil ediləcəkdir.
Mercedes-Benz EQA modelinin Avropadakı satışlarına bahar aylarında başlanalacaqdır.