Mercedes-Benz flaqman EQS liftbekini 2021-ci ildə təqdim edib və onu daxili yanma mühərrikli S-Class modelinin tamamilə elektrik alternativi kimi səciyyələndirib. Lakin alman brendinin varlı müştəriləri innovativ elektromobili, xüsusən də onun özünəməxsus dizaynını bəyənməyiblər: EQS satışlar baxımından klassik S-Class modelindən tamamilə geridə qalıb.
Bu vəziyyəti düzəltmək üçün, Mercedes-Benz iki il əvvəl flaqman elektromobilinə klassik avtomobillərinin tanınan xüsusiyyətlərini vermək qərarına gəlib. Bir il sonra, amerikan yollarında sınaq prototipləri peyda olub ki, bu da tezliklə başqa bir yeniləmənin keçiriləcəyinə işarə idi. İndi isə, ikinci dəfə yenilənən Mercedes-Benz EQS tam şəkildə təqdim olunub.
İki il əvvəl həyata keçirilən feyslifti nəzərə alsaq, yenilənmiş EQS modelinin xarici görünüşü brendin ən son dizayn üslubuna uyğunlaşdırılıb. Kapot artıq uzununa çıxıntılara və işıqlandırılan üçşüalı ulduza malikdir. Daralmış faralarda da firma ulduzları peyda olub, micro-LED texnologiyası isə, enerji istehlakının 50% azalmasına baxmayaraq, 600 metrə qədər işıqlandırma məsafəsini təmin edir.
Klassik görünüşü əldə edən “radiator barmaqlığı” firma ulduzları ilə bolluca bəzədilib. Arxa monofənər öz formasını saxlayıb, lakin LED naxışını dəyişib. Daha aqressiv bamperləri və barmaqlıqda üfüqi zolaqların olmaması ilə xarakterizə edilən AMG Line versiyası da əvvəlcədən əlçatandır. Üslub baxımından mübahisəli, lakin axarlı olan kuzov forması əvvəlki kimi Cx=0,20 aerodinamik əmsalını təmin edir.
Yenilənmiş Mercedes-Benz EQS liftbəkinin interyeri sürücü və sərnişin üçün nəzərdə tutulmuş 12,3-düymlük displeylərdən, eləcə də 17,7-düymlük mərkəzi ekrandan ibarət olan Hyperscreen ön panelini saxlayıb.
Bununla belə, MBUX məlumat-əyləncə sisteminin özü MB.OS sisteminin yeni versiyasını və yenilənmiş elektronikanı alıb. Yeni funksiyalar siyahısına “canlı” avatarları olan süni intellektlə işləyən səs köməkçisi, təkmilləşdirilmiş interfeys, axın xidmətləri və oyunlar da daxil olmaqla 40-dan çox üçüncü tərəf tətbiqlərini quraşdırmaq imkanı daxildir.
Hərəkət zamanı bu tətbiqlər yalnız sərnişinlər üçün əlçatandır. Yeni rahatlıq xüsusiyyətlərinə qızdırılan təhlükəsizlik kəmərləri, arxa oturacaqların genişləndirilmiş tənizmləmələri, ön oturacaqların arxa tərəfindəki iki 13,1-düymlük ekran üçün sensorlu pultlar və hissəciklərin 99,65%-dən çoxunu tutan HEPA filtri daxildir. Nəhayət, yeni tərtibat və dekor variantları peyda olub, fərdiləşdirmə imkanları isə, daha çox genişləndirilib.
Mercedes-Benz EQS elektromobilində lidar yoxdur. Onun yenilənmiş MB.DRIVE avtonom idarəetmə sistemi 10 kameraya, beş radara və 12 ultrasəs sensoruna, eləcə də süni intellektə əsaslanır. Magistral avtopilotu və inkişaf etmiş park köməkçisi də vəd edilib. Aktiv pnevmatik asqının fəaliyyətində ağıllı alqoritmlər və bulud hesablamalarından istifadə olunur ki, bu da yoldakı kələ-kötürləri əvvəlcədən görməyə imkan verir.
Yenilənmiş Mercedes-Benz EQS modelinin diqqətəlayiq xüsusiyyəti şturvalı olan naqillə idarə olunan sükan idarəetməsidir. Yaradıcılar flaqman elektromobilinin belə bir sistemə malik olan ilk seriya alman avtomobili olduğunu vurğulayırlar.
Onlar rahatlıq və sükan reaksiyasının inanılmaz birləşməsini, eləcə də lazımi təhlükəsizliyin təmini üçün ikiqat ehtiyat elektronikasını vəd edirlər. Bununla belə, standart elektromobillər ənənəvi elektromexaniki sükan idarəetməsi və ənənəvi üçqollu sükan çarxı ilə təchiz olunurlar.
Bütün elektrik arxitekturası genişmiqyaslı dəyişikliklərə məruz qalıb və indi 800 volt gərginliklə işləyir (əvvəllər 400 volt üçün nəzərdə tutulmuşdu). Yeni elektrik mühərrikləri daha yığcam, daha səmərəli və daha etibarlı olublar.
Yenilənmiş EQS dörd təchizat səviyyəsində təklif olunur. Yeni baza modeli EQS 400 adlanır. Onun arxa oxdakı yeganə elektrik mühərriki iki pilləli reduktor ilə təchiz olunur və 367 at qüvvəsi və 505 Nm fırlanma anı hasil edir.
Bu elektrik liftbəkinə 100 km/saat həddini 6,2 saniyəyə yığmağa imkan verir. 112 kilovat/saatlıq batareya 817 kilometrlik gediş məsafəsini təmin edir. Ən uzun mənzilli EQS 450+ modeli 122 kilovat/saatlıq batareya, 408 at qüvvəsi və 505 Nm fırlanma anı ilə öyünə bilər.
Belə versiyanın 0-dan 100 km/saata qədər sürətlənməsi 5,9 saniyə çəkir, gediş məsafəsi isə, 926 kilometrdir ki, bu da yenilənmədən əvvəlki versiyada olduğundan 13% çoxdur.
Əlbəttə ki, çeşiddə ön oxda əlavə mühərriki olan tamötürməli versiyalar da daxildir. Ön mühərrik zəruri hallarda enerjiyə qənaət etmək üçün təkərlərdən tamamilə ayrıla bilər. EQS 500 versiyasının ikimühərrikli tam ötürmə sistemi 476 at qüvvəsi və 750 Nm hasil edir. Elektromobilin 0-dan 100 km/saat həddinə sürətlənməsi 4,5 saniyə çəkir.
122 kilovat/saatlıq batareya tam dolu halda 876 kilometrlik gedişi təmin edir. Ən yüksək səviyyəli EQS 580 də oxşar batareya və məsafəyə malikdir, lakin onun elektrik mühərrikləri 585 at qüvvəsi və 800 Nm hasil edir və 0-dan 100 km/saata 4,1 saniyəyə sürətlənməyə imkan verir. Bütün modellərin maksimal sürəti 210 km/saat həddində məhdudlaşdırılıb.
Böyük versiyaların doldurma gücü 350 kilovata qədər, baza variantı sayılan EQS 400 versiyasının isə, 330 kilovatdır. 400 voltluq terminallardan istifadə edildikdə, bu güc 175 kilovata qədər azalır.Elektromobillər artıq xarici istehlakçılara və ya ev şəbəkəsinə enerji verə bilər. Rekuperasiyanın gücü 385 kilovata qədər artıb ki, bu da hərəkət məsafəsini artırmaqla yanaşı, həm də gündəlik istismar zamanı adi əyləclərdən istifadə ehtiyacını faktiki olaraq aradan qaldırır.
Yenilənmiş Mercedes-Benz EQS liftbekinə əvvəlcədən sifarişlərin qəbuluna başlanıb. Almaniyada EQS 400 versiyasının qiyməti 94.400 avrodan başlayır. Ən dözümlü EQS 450+ modelinin qiyməti ən azı 108.600 avro olacaq. Tamötürməli EQS 500 və 580 modifikasiyalarının qiyməti isə, müvafiq olaraq, 123.300 avro və 134.700 avrodur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









