Arxa təkərləri idarələnən avtomobillərin sayı getdikcə artmaqdadır. Hazırda belə sistemi bir çox avtomobil istehsalçısı təklif edir. Bu istehsalçılara misal kimi, Bentley, Mercedes-Benz, Porsche kimi markaları göstərmək olar. Qeyd etmək lazımdır ki, bu texnologiya heç də yeni deyil – idarələnən arxa təkər sistemini ilk dəfə 1985-ci ildə Nissan şirkəti R31 Skyline modelində tətbiq edib.
Lakin Mercedes-Benz şirkəti bu texnologiyanı yeni səviyyəyə qaldırmağa müvəffəq olub. Hazırda alman markasının model xəttində tam idarələnən şassiyə malik olan S-Class bayraqdar sedanı və onun elektrik analoqu olan EQS modeli mövcuddur.
Bildiyimiz kimi, tam idarələnən şassi Mercedes-Benz EQS modelinin standart təchizatına daxildir. S-Class modelindəki kimi, arxa təkərlər 4,5 dərəcəyə qədər dönə bilərlər. Əlavə ödəniş qarşılığında dönmə bucağını 10 dərəcəyə qədər artırmaq da olar.
Üstəlik bu sistem təkcə avtomobil alarkən deyil, həm də ona sahib olduqdan sonra sifariş edilə bilər! EQS modeli yeni funksiyaları onlayn “satın almağa” və mediasistem vasitəsi ilə aktivləşdirməyə imkan verir (pulsuz sınaq müddəti ilə). Arxa təkərlərin dönmə bucağının artırılması geridönmə dairəsini 11.9-dan 10.9 metrə qədər azaldır.
Yuxarıda yazılanlardan da anladığınız kimi, arxa təkərlərin dönmə bucağını artırmaq heç bir mexaniki müdaxiləyə ehtiyac yoxdur – sadəcə proqram təminatını yeniləmək tələb olunur. Yəni, bu imkan artıq avtomobildə mövcuddur və onu proqram təminatı ilə kilidləyiblər. Bu kilidi açmaq üçün isə, ildə nə az, nə çox 489 avro ödəmək gərəkdir. Bu sistemə üç illik abunənin rəsmiləşdirilməsi halında, 1169 avro ödəyərək 298 avro məbləğində güzəşt əldə etmək olar.
Lakin hər zaman bir əmma var. Bu sistemi sifariş etmək üçün, 360 dərəcəlik kameraları olan Parking Package dəsti tələb olunur. Üstəlik, müxtəlif ölçülü təkərləri olan avtomobillər üçün belə sistem əlçatan deyil. Amma bunun EQS modelinə heç bir aidiyyatı yoxdur, çünki belə təkərlər ilə yalnız Mercedes-Benz S-Class sedanı təchiz edilə bilər. Sisteminin özünün aktivləşdirilməsinə isə cəmi iki dəqiqə vaxt tələb olunur.
Beləliklə, avtomobilinizdə belə bir sistemin olması yaxşı xəbər sayıla bilər. Lakin ondan istifadənin mümkün olmaması sizi bir qədər məyus edə bilər. Bununla belə, Mercedes-Benz şirkəti ödənişli xidmət göstərilməsini seçmiş ilk və son avtomobil istehsalçısı deyil. Məsələn, Volkswagen şirkəti avtonom texnologiyalardan istifadənin hər saatına görə 6 avro tələb edir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.