Mercedes-Benz EQS elektromobili S-Class xəttinə daxil ediləcək, lakin müstəqil model kimi mövqeləndiriləcəkdir. Elektromobilin Avropadakı satışlarına avqust ayında başlanmalıdır. Burada yeni elektrokarı iki versiyada təklif edəcəklər: EQS 450+ və EQS 580 4Matic +. İstehsalçı elektrokarın qiymətlərini açıqlamasa da, güc qurğuları barədə məlumatla bölüşüb.
Versiyadan asılı olaraq, EQS modelini 90 və ya 107,8 kilovat-saat tutumu (istifadə olunan tutum göstərilir) olan 400 voltluq batareya ilə birlikdə çalışan bir və ya iki eATS (rotorun daxili soyutması olan Bosch elektrik mühərriki, sabit reduktor və güc elektronikası) elektrik modulu ilə təchiz edəcəklər.
Arxa oxdakı mühərrikə və kiçik tutumlu batareyaya sahib olan EQS 450+ modeli 331 at qüvvəsi və 568 Nm fırlanma anına malik olacaqdır. Belə modifikasiya hər yüz kilometrə 16,0-19,1 kilovat-saat enerji sərf edir ki, bu da Tesla Model S elektrokarının enerji istehlakı ilə müqayisə oluna bilər.
Tam ötürməli EQS 580 4Matic + modeli əlavə eATS modulunu və oxlardakı fırlanma anına dəqiqədə 10 min dəfə nəzarət edən Torque Shift funksiyasını alacaqdır. Belə elektromobilin güc qurğusunun hasilatı nəzərəçarpacaq dərəcədə çoxdur - 524 at qüvvəsi və 855 Nm fırlanma anı.
Elektromobil enerji yüklləmədən, 100 kilometr yola 16.9-20 kilovat-saat sərf edərək, 770 kilometrə (WLTP) qədər məsafə qət edəcəkdir. Buna həm də rekord səviyyəli aerodinamik müqavimət əmsalı (0,20) və 290 kilovatta qədər gücə malik olan üçsəviyyəli rekuperasiya sistemi sayəsində nail olunub. EQS 580 modelinin 100 km/saat həddinə sürətlənməsi beş saniyədən az çəkir. Hər iki variant üçün maksimal sürət həddi eynidır - 210 km/saat.
EQS modelinin batareyaları Untertürkhaymdaki Mercedes-Benz kompleksinin bir hissəsi olan Ştuttqart-Hedelfingen zavodunda istehsal olunur. Blok 10-12 moduldan ibarətdir və proqram təminatı “hava” üzərindən yenilənə bilən istiliyin tənzimlənməsi sistemi ilə təchiz edilir.
Batareyanı zədələnməkdən sərt ikiqat divarı olan dayaq plitəsi, habelə ön və yan hissələrdəki enerjini udan örtüklər, həddən artıq qızmadan isə alüminiumddan hazırlanan karkasın profillərindəki boşluqlardan keçən və əlavə olaraq PTC qızdırıcısı ilə təchiz olunan maye soyutma konturu qoruyur.
Mercedes EQS modeli 22 kilovata qədər gücü olan dəyişən cərəyanlı (opsional “yükləmə cihazını” almaq gərəkdir) və 200 kilovata qədər gücü olan sabit cərəyanlı yüklənməni dəstəkləyir. İkinci halda, 15 dəqiqə ərzində batareyanın 300 kilometrlik enerji ehtiyatını bərpa etmək olar.
Electric Intelligence sisteminə malik olan ilə naviqasiya sistemi elektrik istehlakını hesablamağı və müxtəlif parametrlərə əsasən marşrutu planlaşdırmağı bacarır. Bu zaman hər şey nəzərə alınır - ərazinin relyefi, ətraf mühitin temperaturu, sürət, salonun isidilməsi və ya soyudulması ehtiyacı, enerji doldurma stansiyalarındakı temperatur, tıxaclar və sairə.
EQS sahibləri Mercedes me Charge firma servisi vasitəsilə, Avropadakı 200 min terminal da daxil olmaqla, 31 ölkədəki 500 min enerji yükləmə nöqtəsinə çıxışı əldə edəcəklər. Avtomatik istifadəçi identifikasiyası və ödəmə üçün Plug & Charge texnologiyası tətbiq olunur, üstəlik Yaponiyada elektrokar sahibləri iki istiqamətli yükləmədən istifadə edə biləcəklər - yəni, onlar həm şəbəkədən enerji yükləyəcək, həm də enerjini geri qaytaracaqdırlar.
Ayrıca, multimedia sistemi vasitəsilə müəyyən vaxt aralığında, məsələn, tariflərin daha yüksək olduğu gün ərzində, terminallara qoşulmanı bloklamaq mümkün olacaqdır.
Mercedes-Benz EQS modelinin istehsalı, ətraf mühitin qorunması qaydalarına və Sənaye 4.0 prinsiplərinə uyğun olaraq, Zindelfingendəki zavodda həyata keçirilir. Bu, öz npvbəsində, Mercedes-Benz strategiyasının vacib tərkib hissəsidir. Bu səbəbdən də, EQS modelinin komponentlərinin 80 kiloqramından çoxu resurslara qənaət edən materiallardan hazırlanır.
Məsələn, döşəmə örtüyü Econyl sintetik parçasından, kabel kanalları təkrar emal edilmiş plastikdən, kapotun daxili hissəsi Aluminium Stewarship Initiative tərəfindən sertifakatlandırılmış alüminiumdan hazırlanır. Bu, materialın yüksək ekoloji standartlara cavab verdiyini bildirir.
Mercedes-Benz EQS modelinin Avropadakı satışlarına avqust ayında başlanmalıdır. Flaqmanın ardınca EQE modeli və iki krossover işıq üzü görməlidir. Yeni elektromobilin təqdimatı 15 aprel tarixində Mercedes me media firma rəqəmsal platformasında keçiriləcəkdir.