Mercedes-Benz şirkəti S-Class flaqmanının elektrik analoqu olan dəbdəbəli EQS liftbekinin salonunu nümayiş etdirib. Əsas texniki yenilik, ön panelin eni boyu uzanan 56-düymlük ekrana sahib olan MBUX Hyperscreen multimedia sistemidir. Mercedes-Benz EQS modelinin kütləvi təqdimatı 15 aprel tarixində keçiriləcəkdir.
MBUX Hyperscreen multimedia sistemi barədə Daimler konsernin mətbuat xidməti ayrıca bəhs edib, ancaq seriya elektromobilinin interyer şəkilləri yalnız indi dərc olunub.
Cihazlar panelinin 12,3-düymlük ekranı, mərkəzdəki 17,7-düymlük sensorlu ekran və sərnişinin qarşısındakı 12,3-düymlük sensorlu ekran bir-biri ilə “tikişsiz” şəkildə birləşdirilib. Hyperscreen ekranı kənarlardakı havalandırma deflektorlarının “turbinləri” vasitəsi ilə bərkidilir. Mərkəzi havalandırma deflektorları gizlədilib, mühərriki işə salma və qəza işıqları düymələri kimi "fiziki" düymələr mərkəzi tunelə köçürülüb.
MBUX Hyperscreen multimedia sisteminin digər xüsusiyyətləri - toxunuşa cavab, heyranedici güc (kompleksin işinə səkkiz prosessor və 24 giqabaytlıq əməliyyat yaddaşı cavabdehdir) və inteqrasiya olunmuş musiqi xidmətləridir. Elektronika həm özünü təkmilləşdirir, həm də ön və arxa sərnişinlərin jestlərinə reaksiya verir,habelə səslə də idarə olunur.
Mercedes-Benz EQS modelinin top versiyaları 15 dinamikli 710 vatt gücü olan Burmester səs sistemi ilə təchiz ediləcəkdir.Akustika daxili yanma mühərrikinin səsini təqlid edəcək və ya xüsusi bir "səs mənzərəsi" yarada biləcəkdir: məsələn, sistem yağışın, meşənin və ya dəniz sahilinin səslərini sintez edə bilər. MBUX Hyperscreen sistemi ilə yanaşı, Mercedes-Benz elektrik flaqmanı tamamlanmış reallıq funksiyasına sahib olan proyeksiya ekranı ilə təchiz edilə bilər.
EQS modelinin fərdiləşdirmə variantları olduqca genişdir: liftbekin baza variantı 12,8-düymlük şaquli sensorlu ekranı və 12,3-düymlük virtual cihazlar paneli (yeni S-Class modelindəki kimi) olan interyeri əldə edəcəkdir. AMG Line idman versiyaları yenilənmiş E-Class modelindəki kimi cütlənmiş qolları olan sükan ilə təchiz ediləcəkdirlər. Çox güman ki, EQS liftbekinin arxa sərnişinlər üçün təklif etdiyi komfort Mercedes-Benz S-Class sedanından geri qalmayacaqdır.
Yeni elektromobilin xarici görünüşü hələlik gizli saxlanılır, lakin EQS modelinin seriya versiyasının beşqapılı liftbek olacağı, habelə seriya avtomobilləri üçün rekord Cx = 0,2 aerodinamik müqavimət əmsalı ilə seçiləcəyi məlumdur. Bundan başqa, model qısa ön çıxışı və uzun bazası olan qeyri-adi nisbətləri ilə fərqlənəcəkdir. EQS liftbeki elektrik MEA platformasında inşa edilən ilk Mercedes-Benz modeli olacaqdır.
Mercedes-Benz EQS elektromobilinin Avropa İttifaqında satışlarının avqust ayında başlanması planlaşdırılır. Payızda isə, eyni platformada inşa edilən EQE modelinin debütü baş tutmalıdır. EQS-SUV və EQE-SUV krossoverləri gələn il işıq üzü görəcəkdirlər.