2022-ci ilin ilk yarısında Mercedes-Benz model cərgəsi T-Class sərnişin miniveni ilə tamamlanacaqdır. Üstəlik, minivenin sırf elektrik ötürməsi ilə hərəkətə gələn EQT versiyası da olacaqdır. Mercedes-Benz Vans bölməsi yeni minivenin tizerini yayımlayaraq, onun təqdimat tarixini açıqlayıb - 10 may 2021-ci il.
Concept EQT miniveninin yeganə görüntüsünü müşayiət edən mətndə, şirkətin sadəcə konsept deyil, həm də yığcam minivenin seriya variantına daha yaxın olan elektrik versiyasını təqdim edəcəyi bildirilir. Yəqin ki, elektrik minivenin eksteryerinə baxaraq, daxili yanma mühərriki ilə təchiz edilən T-Class modelinin dizaynı barədə mühakimə yürütmək mümkün olacaqdır.
Mercedes-Benz Vans bölməsi V-Class modelinin “uğurlu formulunu” daha yığcam formata uyğunlaşdıracağını vəd edir. Odur ki, minivenin geniş salona, çoxsaylı elektron sistemlərə və inkişaf etmiş multimedia texnologiyalarına sahib olacağından şübhə etməmək gərəkdir .
Adi T-Class kimi, EQT də özəl müştərilərə - böyük ailə sahiblərinə və ya sadəcə açıq havada vaxt keçirməyi sevən şəxslərə ünvanlanacaqdır. Daxili yanma mühərriki olan yığcam minivenin hər iki tərəfdən sürüşərək açılan qapıları alacağı və Citan adlı yük versiyasına sahib olacağı məlumdur.
Həm sərnişin, həm də kommersiya versiyalarının hazırlanması Renault-Nissan-Mitsubishi ittifaqının dəstəyi ilə Mercedes-Benz Vans bölməsi tərəfindən həyata keçirilir.
EQT elektromobili, EQA hetçbekinin, EQB və EQC krossoverlərinin və bir müddət bundan öncə təqdim edilmiş flaqman EQS liftbekinin də daxil olduğu EQ xəttinə qoşulacaqdır. Sonradan bu cərgəyə EQE və EQE SUV modelləri, habelə iri EQS SUV krossoveri daxil olacaqdır.