Mercedes-Benz G-Class ilk dəfə 30 il bundan əvvəl V8 mühərriki ilə təchiz edilmiş zavod versiyasına sahib olub. Həmin Mercedes-Benz 500 GE ofrouderinin 5,0-litrlik V8 atmosfer mühərriki (M117) cəmi 241 at qüvvəsi hasil edirdi və o, 1993-1994-cü illərdə məhdud saylı tirajla buraxılmışdı. Səkkizsilindrli Gelandewagen modelinin seriya istehsalına yalnız 1998-ci ildə başlanmışdı. Amma indi G 500 modeli V8 mühərriki ilə vidalaşır: bu mübasibətlə Mercedes-Benz şirkəti G 500 Final Edition versiyasını hazırlayıb.
Vida versiyasının xüsusiyyətləri olduqca tipikdir. “Final Edition” yazısını ehtiyat təkərin qapağında, yan moldinqlərdə, qapı kandarlarında və ön paneldəki iri tutacaqda görmək olar. Salonda - ikirəngli nappa dərisi ilə genişləndirilmiş (tavan daxil olmaqla) tərtibat və zəngin opsiyalar dəsti, habelə baqajdakı “ağac” döşəmə diqqət çəkir. Üç xüsusi kuzov rəngindən birini seçmək olar: qara Obsidian Black, ağ Opalith White Magno və yaşıl Olive Magno Green. Nəhatət, 20-düymlük orijinal təkər diskləri də qismən eyni rənglərə boyanırlar.
Standart 4,0-litrlik V8 (421 at qüvvəsi, 610 Nm) biturbomühərriki bütün digər avadanlıqlar kimi dəyişilməz qalıb. Final Edition seriyasından ofrouderləri bu ilin sentyabrından 2024-cü ilin martınadək buraxılacaqlar, lakin vida ofrouderinin planlaşdırılan tirajı cəmi 1500 ədəddir: yəni, hər bir kuzov rəngi üçün 500 nüsxədə. Vida versiyası üçün əlavə ödəniş 66 min avro (!) təşkil edir: Almaniyada G 500 Final Edition üçün ən azı 196 min avro istəyirlər və modelə sifarişlər artıq qəbul olunur.
Bəıs bundan sonra nələr baş verəcək? Gələn ildən başlayaraq Mercedes-Benz G 500 modeli sıralı altısilindrli mühərrikə keçməlidir, lakin texniki detallar hələlik açıqlanmayıb. Hazırda Mercedes-Benz G-Class ofrouderinin modifikasiya çeşidində Mercedes-Benz G 400 d (2,9 litr, 330 at qüvvəsi) dizel versiyası var. Çin üçün isə, 2,0-litrlik benzin “turbodördlüyü” (258 at qüvvəsi) təchiz edilmiş G 350 versiyasını buraxırlar. Lakin V8 aqreqatı ofrouderin mühərrik çeşidindən çıxarılmır: 585 at qüvvəsi və 850 Nm hasil edən güc aqreqatını “bərkgedən” Mercedes-AMG G 63 ofrouderinə quraşdırmağa davam edəcəklər.
Üstəlik, səkkizsilindrli AMG modelinin istehsalının davam etdiriləcəyini vurğulamaq üçün onun Grand Edition adlı xüsusi versiyasını hazırlayıblar. Grand Edition versiyasının əsas xüsusiyyətləri kuzovun qızılı dekorasiyası (yan tərəfdəki dekallar da daxil olmaqla), eyni rəngli 22-düymlük təkər diskləri, xüsusi interyer bəzəkləri və genişləndirilmiş təchizatıdır. Belə bir ofrouder üçün 229 min avro tələb olunur (adi Mercedes-AMG G 63 ofrouderinin qiyməti 187 mindən başlayır) və o, 1000 nüsxəlik tirajla istehsal olunacaq.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.