Azərbaycanda Mercedes-Benz G-Class və xüsusən də onun AMG versiyasını alanlar, ilk növbədə bu kərpicə bənzər avtomobili onun səsboğucu sisteminin möhtəşəm səsinə görə alırlar. Əlbəttə, “Gelandevagenin” heç səsindən geri qalmayan ofroud xüsusiyyətləri artıq kimsəni maraqlandırmır.
Ən maraqlısı odur ki, indi verəcəyimiz xəbər gur-gur guruldayan bu ofrouderin həvəskarlarını məyus edə bilər. Mercedes-Benz şirkətinin rəhbəri Ola Kallenius CarAdvice nəşrinə verdiyi müsahibədə, pərəstiş obyektinə çevrilmiş ofrouderin elektrik versiyası üzərində işlərin tam sürətlə getdiyini bildirib. Artıq elektrik ofrouderinin sınaq prototipi hazırdır və yaxın günlərdə onun ictimai yollarda testlərinə start veriləcəkdir. Kallenius, Mercedes-Benz G-Class modelinin sırf elektriklə hərəkətə versiyasının yaxın illərdə bazar debütü edəcəyini də bildirib.
Kallenius G-Class modelinin heç bir bazar seqmentinə aid olmadığını və avtomobil sənayesinin məntiqinə zidd olduğunu da bildirib. Bununla belə, güclü V8 mühərrikləri ilə təcəssüm edilən ofrouder ətraf mühitin dostuna çevrilməlidir. Qeyd etmək lazımdır ki, keçən il ofrouderin qlobal satışları 60% artıb və dünya üzrə 35 min avtomobil satılıb.