Mercedes-Benz şirkəti Moncler pərqu gödəkçələrindən ilham alınaraq yaradılmış G-Class modelini nümayiş etdirib. Şişkin pərqu gödəkçələrə bənzəyən iri ölçülü yumşaq təkərləri və zəncirbəndli oxşar dam örtüyü olan konsept avtomobili Project Mondo G adlandırılıb.
Prototipi Moncler markası tərəfindən London Moda Həftəsi tədbiri çərçivəsində keçirilən “The Art of Genius” şousunda təqdim ediblər. Milanda yerləşən moda evi ilə birlikdə yaradılmış ofrouder yeganə nüsxədə inşa edilib, lakin geyim markası ilə əməkdaşlıq Mercedes-Benz şirkəti üçün yeni üfüqlər və imkanlar açıb.
Project Mondo G layihəsi üzərində çalışmış komanda konseptin ideyasını Mercedes-Benz ofrouderinin sərt bucaqlı eksteryeri və parlaq örtüklərin yumşaq, dairəvi formalarından götürdüklərini bildiribləb.
Onların birləşməsi G-Class ofrouderini orijinal art-kara çevirərək, "əksliklərin birləşməsini" yaradır. Eyni zamanda, dizaynerlər pərqu gödəkçələrə və G-Class modelinə məxsus olan ümumi "ən ağır şərtlərə dözmək qabiliyyətini" də vurğulayırlar. Damdakı zəncirbənd isə unversallığın və dəyişkənliyin simvoludur.
“Gödəkcəli” avtomobil orijinal G-Class modelindən nəzərəçarpacaq dərəcədə böyük olub: şişirdilmiş təkərlər və dam onun enini demək olar ki, 3,4 metrə, hündürlüyünü isə 2,8 metrə qədər artırıb. Konseptin çəkisi 2,5 tondur.
"İki güclü lüks brend, avtomobil və moda dünyasını bir araya gətirərək, yeni qeyri-adi təcrübə təklif edir", - Mercedes-Benz Group AG konserninin Baş dizayneri Qorden Vagener bildirib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.