Mercedes-Benz G-Class modeli, xırda kosmetik dəyişiklikləri nəzərə almasaq, artıq 38 ildir ki, konveyer həyatı yaşayır. Son günlərdə fotocəsusların obyektivlərinə tuş gələn ofroderin kamuflyaj edilmiş variantı alman istehsalçısının bu əfsanəvi avtomobilin növbəti nəsli üzərində işlədiyindən xəbər verir.
Motor1.com saytının dərc etdiyi fotoşəkillərdə qarşımızda indiki modelin kuzovunu daşıyan “qatırın” olduğundan şübhə etmirik. İstənilən halda, bu kamuflyaj prototipin təkər izinin böyüdülmüş ölçülərini gözlərdən qaçıra bilməmişdir. Şaiyələrə görə, yeni avtomobildə bu göstəricisi indikindən 10 santimetr daha iri olacaqdır. Bu isə öz növbəsində avtomobilin təkər bazasının dəyişəcəyindən xəbər verir.
Ən maraqlısı isə, şəkildəki avtomobilin arxa bamperinin olmamasıdır ki, bunun sayəsində bizə avtomobilin tam ötürməli çəkiş sisteminin və asqısının bir sıra elementlərinə nəzər salmaq imkanı verilmişdir.
Görünənlərdən belə nəticə çıxarmaq olar ki, Mercedes-Benz şirkətinin mühəndisləri yeni avtomobili elekto-mexaniki sükan sistemi və çoxqollu ön asqı ilə təchiz edəcəkdirlər.
Bu mühədislərə, ofroderin hazırda məhrum olduğu bir sıra yeni təhlükəsizlik sistemlərini quraşdırmaq imkanı yaradacaqdır.

Dizayna gəldikdə isə, prototipin aerodinamik müqavumət əmsalını azaldacaq yeni elementləri olan ənənəvi kvadrat formalı kuzovla təchiz edildiyini görürük. Söylənilənlərə görə, yeni avtomobil 200 kiloqram daha az çəkiyə malik olacaqdır. Gələn il debütü gözlənilən ofroder,
Mercedes-Benz şirkətinin arsenalında olan altı benzin və dizel mühərrikləri ilə təchiz ediləcəkdir.
Alman istehsalçısı ilkin dizel mühərrikinin 300 at qüvvəsinə, benzin mühərrikinin isə 360 at qüvvəsinə malik olacağına təminat vermişdir.
Çox güman ki, güc aqreqatları doqquz pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışacaqdırlar.