2024-cü ilin yazında Mercedes-Benz əfsanəvi G-Class ofrouderini elektromobilə çevirərək inqilab edib. Bir il sonra Almaniyanın “Handelsblatt” nəşri Mercedes-Benz G 580 with EQ Technology (modelin tam adı belədir) ofrouderinin qlobal bazarda hansı uğura imza atdığını öyrənmək qərarına gəlib. Məlum olub ki, bu G-Class, yumşaq desək, alıcılar tərəfindən lazımi diqqətə layiq görülməyib: məsələn, Avropada cəmi 1450 elektrik ofrouderi satılıb.

Cənubi Koreya və Çin kimi mühüm bazarlarda isə, satışlar tamamilə gülüncdür: müvafiq olaraq 61 və 58 avtomobil. Şimali Amerika bazarı üçün məlumatlar hələlik mövcud deyil, lakin orada da yaxşı satış nəticələri gözlənilmir. Eyni zamanda, daxili yanma mühərrikli ofrouderlər eyni dövr ərzində təxminən 9700 alıcı tapıb. 

Elektrik modifikasiyasının xüsusi mövqeləndirilməsini nəzərə alınsa belə, elektrik ofrouderlərinin uzun müddət anbarlarda qaldığı ortaya çıxıb. Adının açıqlanmasını istəməyən Mercedes-Benz menecerlərinin bildirdiyinə görə, elektrik G-Class dilerlərin boynundan “qurğuşun kimi” asılı qalıb.

Başqa bir mənbə belə bir dar seqment üçün belə, elektrik versiyasının satışlarının çox aşağı olduğunu bildirib. Üçüncü Mercedes-Benz meneceri isə, insanlara elektrik deyil, altı və ya səkkiz silindrli həqiqi G-Class modellərinin ehtiyacı olduğunu qeyd edib.

Eyni zamanda, Mercedes-Benz mətbuat xidmətinin xarici jurnalistlərə rəsmi cavabı nikbinliklə doludur: 2024-cü ilin dördüncü rübü G-Class modelin bütün tarixi boyunca ən uğurlu dövr olub və 2025-ci ilin birinci rübü ötən ilin eyni dövrü ilə müqayisədə satışlarda 18% artım olduğunu göstərib.

Bununla belə, mətbuat xidməti ofrouderin bütün modifikasiyalarının ümumi satışını nəzərdə tutub və standart cavabla ötüşərək, elektromobilin satış göstəricilərini açıqlamamağa üstünlük verib: “biz müştərilərə güc qurğularının çevik seçimini təklif edirik, alıcılar isə, hansının onlara daha uyğun olduğuna özləri qərar verəcəklər”.

Alman jurnalistlərinin eyni mənbələrdən aldığı məlumatlara əsasən, Mercedes-Benz şirkəti G-Class modelinin fevralda elan edilmiş gələcək “kiçildilmiş” versiyasının taleyi barədə düşünməyə başlayıb. Əvvəlcə belə bir Mercedes-Benz G-Class modelinin böyük qardaşına bənzəyəcəyi güman edilirdi, lakin brutal görünüşün arxasında elektrik içalatı gizlənəcəkdi.

İndi isə, planlara yenidən baxılıb: guya mühəndislər daxili yanma mühərrikini kiçik G-Class üçün uyğunlaşdırmaq üzərində işləyirlər. Belə bir Mercedes-Benz modelinin debütü 2027-ci ilə planlaşdırılıb, lakin təkmilləşdirmələrə ehtiyac olduğu üçün, premyera daha gec tarixə təxirə salına bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.