Mercedes-Benz şirkəti GLA krossoverinin ikinci nəslini təqdim edib. Yığcam krossover əvvəlki kimi alman markasının digər öndənçəkişli modelləri ilə MFA2 platformasını bölüşür. Lakin, əvvəlki modelin kuzovunun nisbətləri onu hündürləşdirilmiş A-Class hetçbekinə bənzər etsə də, yeni model daha sanballı görünür. Bununla belə, krossoverin interyeri demək olar ki, A-Class modelinin interyerindən fərqlənmir.
Yeni model sələfindən 104 mm hündür və 14 mm qısadır. Avtomobilin eni də 30 mm artıb. Beləliklə, yeni krossoverin qabarit uzunluğu 4410 mm, eni - 1834 mm, hündürlüyü isə 1611 mm təşkil edir. GLA modelinin təkər bazası isə A-Class və CLA modellərində olduğu kimi 2729 mm-dir. Maraqlısı odur ki, ikinci nəsil GLA modeli bu günə qədər alman markasının model xəttində ən yığcam avtomobil sayılan A-Class hetçbekindən 9 mm qısadır.
Qabaritlərin dəyişməsi mühəndislərə modelin birinci nəsli üçün xarakterik olan salondakı məkan çatışmamazlığı problemini həll etməyə imkan verib. Məsələn, ön sərnişinlərin başı üzərindəki məkan 22 mm artıb. İkinci cərgənin sərnişinlərinin ayaq zonasındakı məkan da genişlənib - iki cərgə arasındakı məsafə 116 mm artırılıb. Baqaj bölümünün həcmi də 14 litr artaraq 435 litrə çatıb.
Hələlik, yeni Mercedes-Benz GLA modeli üç mühərriklə təklif edilir. Avropada satılacaq öndənçəkişli Mercedes-Benz GLA 200 modeli 163 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1,33-litrlik turbomühərrik və 7-lilləli 7G-DCT «robotu» ilə təklif ediləcəkdir. GLA 200 modeli 100 km/saat həddinə 7,7 saniyəyə sürətlənir və 210 km/saatlıq maksimal sürət həddinə malikdir.
Amerika bazarında isə, krossoverin 224 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik və 8-pilləli 8G-DCT qutusu ilə təchiz edilmiş Mercedes-Benz GLA 250 modifikasiyası satılacaqdır. Bu model öndən və ya tam ötürmə ilə təchiz edilə bilər. Maksimal sürət 210 km/saatda məhdudlaşdırılıb.
Nəhayət, qlobal model olan «qaynar» Mercedes-AMG GLA 35 krossoveri 306 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik, 8-pilləli AMG SpeedShift DCT «robotu» və 4Matic tam ötürməsi ilə təchiz ediləcəkdir. «Qaynar» model 100 km/saat həddini 5,1 saniyəyə toplayır, onun maksimal sürəti isə 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb. Sonradan modelin qoşulan hibrid və dizel aqreqatları ilə təchiz edilən modifikasiyaları da işıq üzü görəcəkdir.
Arxa oxda differensiala və qoşma muftasına malik olan 4Matic tam ötürməsi bütün GLA modelləri üçün əlçatandır. Adi rejimdə sistem fırlanma anını oxlar arasında ön öxun xeyrinə 80:20, idman rejimində isə 70:30 nisbətində paylayır. Fırlanma anını oxlar arasında bərabər nisbətdə bölmək üçün muftanı məcburi şəkildə qapatmaq da mümkündür.
Yeni GLA modelinin yolsuzluq imkanlarını artırmaq üçün standart Off-Road dəsti nəzərdə tutulub. Bu sistemin tərkibinə əlavə hərəkət rejimi, enişə yardım sistemi, mərkəzi displeydəki xüsusi qrafika və LED fənərlərin xüsusi iş rejimi daxildir.
İkinci nəsil Mercedes-Benz GLA modelinin avadanlıq siyahısında Eco rejimində gillətmə ilə getmə funksiyasına malik olan adaptiv-kruiz kontrol, Active Steer və Evasive Steering Assist manevr yardımçıları, həmçinin yan və arxa tərəfdən zərbədən preventiv müdafiəni təmin edən Pre-Safe Plus təhlükəsizlik kompleksi vardır.
İki ekrana, səslə idarəetməyə, tamamlanmış reallığı olan naviqasiya sisteminə və təlim funksiyasına malik olan MBUX mediakompleksi GLA modelinin baza təchizatına daxil edilib. Ön paneldəki displey cütlüyü üç ölçüdə ola bilər: iki 7,0-düymlük, bir 7,0 və bir 10,25 düymlük və iki 10,25-düymlük. Bundan başqa, krossover təchizatına Energizing Comfort Control relaksasiya proqramı və Energizing Seat Kinetic funksiyasına malik olan oturacaqlar da daxil edilibdir.
Yeni Mercedes-Benz GLA modelinin Avropadakı satışlarına gələn ilin yazında başlanacaqdır. Sonradan krossover ABŞ və Çin bazarında satışa çıxacaqdır.