Ən yığcam Mercedes-Benz krossoverinin təqdimatına iki həftə vaxt qalıb. Bu günlərdə yeni krossoverin ilk tizerini dərc edən şirkət, müəyyən məlumatla bölüşüb.
Alman istehsalçısı GLA modelinin əvvəlki siluetini qoruyub-saxlasa da, nisbətlərini dəyişəcəyini də bildirib. Əsas məqsəd Mercedes-Benz GLA modelinin hündür hetçbekə deyil, əsl krossoverə bənzəməsini təmin etməkdir. Bunu dərc edilmiş tizerdən də görmək olar.
GLA modelinin növbəti nəsli cari modelə nisbətən 10 santimetr artmalıdır. Bu artımın bir hissəsi sərnişinlərin başı üzərindəki məkanın genişləndirilməsinə, digər hissəsi isə klirensin artırılmasına yönəldiləcəkdir. Bundan başqa, arxa sərnişinlərin ayaq zonasında da məkanın genişlənəcəyi bildirilib. Qeyd etmək lazımdır ki, GLA modelinin uzunluğu ciddi artmasa da, genişlənmənin təkər bazasının artırılması hesabına olacağı bildirilib. Başqa bir məlumata görə, əksinə krossoverin uzunluğu 15 mm qısalacaqdır ki, bu da avtomobilin çıxışlarını qısalmasından və həndəsi keçimliyinin yaxşılaşmasından xəbər verir.
Yeni nəsil Mercedes-Benz GLA modelinin debütü 11 dekabr tarixində baş tutmalıdır. Təqdimata yaxın zamanlarda modelin mühərrik çeşidi barədə məlumat veriləcəkdir.