Bu ilin aprel ayında keçirilmiş Şanxay avtosalonunda təqdim edilmiş Mercedes-Benz GLB konseptual krossoverinin seriya variantı yay aylarında debüt etməlidir. Alman markasının nümayəndələri yeni seriya krossoverinin asfaltdankənar imkanlarının da diqqətə layiq olacağını bildiriblər.
Yığcam modellərin sınaqlarına cavabdeh olan Mercedes-Benz şirkətinin mühəndisi Yohen Ekk “Autocar” dərgisinə verdiyi müsahibədə seriyaöncəsi GLB modelinin maraqlı cəhətlərə malik olduğunu söyəlib. O, krossoverin buraxılması barədə qərarın, rəhbərliyin B-Class modelinin uzunbazalı versiyasından imtina etməsindən sonra qəbul olunduğunu da bildirib. Mühəndis, eyni zamanda, konseptin brutal görkəminin seriya modelinə köçürüləcəyini də söyləyib - daha dəqiq desək, opsional dəst şəklində. Belə variantın müştərilərə təklif olunacağı barədə qərar qəbul edilməsə də, Ekk ofroud dəstinin şanslarının yüksək olduğunu vurğulayıb.
Hazırda Mercedes-Benz şirkəti GLB krossoverinin ofroud variantının bazar potensialını araşdırmaqla məşğuldur. Bununla belə, Mercedes-Benz GLB modelinin yolsuzluq versiyasının buraxılması barədə qərar qəbul edilərsə, belə variantın satışlarına yeni modelin bazar debütündən bir müddət sonra başlanacaqdır.
Mercedes-Benz GLB modeli cari nəsil GLA krossoverindən iri olacaq və ölçülərinə görə GLC modelinə yaxınlaşacaqdır. “Kvadrat” kuzovu sayəsində yeni model daha geniş salona və tutumlu baqaj bölməsinə sahib olacaqdır. Seriya modeli üçüncü oturacaq cərgəsini də qoruyub-saxlayacaqdır.