Mercedes-Benz şirkəti GLB krossoverinin seriya variantının tizerini dərc edib. Xatırladaq ki, model aprel ayında konsept olaraq nümayiş etdirilmişdir. İstehsalçı yeni modeli «smartfon kimi ağıllı, multisükan kimi əlverişli» adlandırıb.
Mercedes-Benz GLB Concept yeni A-Class modeli ilə eyni platformada inşa edilib. Bu platforma köndələn yerləşən mühərrikin və öndən çəkişin olmasını nəzərdə tutur. Mercedes marketoloqlarının fikrincə axıcı formalara malik olan GLA gənc auditoriyanı, kvadrat formalı GLB isə ailə sahiblərini və təbiətdə dincəlməyə üstünlük verən insanları cəlb etməlidir.
Mercedes-Benz GLB Concept krossoverinin qabarit uzunluğu 4634 millimetr, eni – 1890 millimetr, hündürlüyü isə 1900 millimetr (baqajla birlikdə) təşkil edir. Krossoverin təkər bazasının uzunluğu 2829 millimetrdir. Beləliklə, GLB modeli GLC krossoverindən 22 millimetr qısadır. Təkər bazasının uzunluğuna görə, yeni model GLC-yə 43 millimetr uduzur.
Konsept 224 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik benzin turbomühərriki, yeni səkkiz pilləli 8G-DCT “robotu” və 4Matic tam çəkiş sistemi ilə təchiz edilib. Tam çəkiş sistemi, hətta Eco/Comfort rejimində arxa oxa 20% fırlanma anını ötürür. Bu səbəbdən də istehsalçı transmissiyanı “daimi tam çəkiş sistemi” adlandırır.