Mercedes-Benz şirkəti özünün üçüncü elektrik krossoverini Şanxayda keçirilən avtosalonda təqdim edib. EQC və EQA elektrik krossoverlərinə 7 nəfərlik EQB modeli qoşulub. Sonuncu, Mercedes-Benz GLB krossoverinin elektrik güc qurğusuna və optimallaşdırılmış aerodinamikaya malik olan "batareyalı" analoqudur. Çində təqdim edilməsinə baxmayaraq, Mercedes-Benz EQB bütün dünyada satılan qlobal model olacaqdır.

Mercedes-Benz EQB modeli adi GLB krossoveri ilə eyni kuzova sahibdir, lakin fərqli kuzov dəsti sayəsində onun ümumi uzunluğu simvolik olaraq 50 millimetr çoxdur. Yeni elektrik krossoverini radiator barmaqlığını əvəzləmiş bağlı panel, damcı formalı fənərlər, kuzovun eni boyu uzanan gündüz hərəkət işıqları, habelə xüsusi "aerodinamik" təkər diskləri sayəsində ayırd etmək olar. Arxa hissədə yeni bamper və əyləc işıqlarının diod lenti olan fərqli baqaj qapağı peyda olub.

Mercedes-Benz EQB modelinin Çindəki satışlarına 292 at qüvvəli elektrik güc qurğusuna  və 80 kilovat-saatlıq  dartma batareyası ilə təchiz edilən tam ötürməli  EQB 350 4Matic versiyası ilə başlanacaqdır. Krossoverin yürüş ehtiyatı köhnə NEDC dövrünə əsasən  478 kilometr və ya daha real WLTP dövrünə əsasən 419 kilometr təşkil edir.

Çindən kənarda digər versiyaların təklif ediləcəyi də gözlənilir: böyük ehtimalla, elektrik krossoverinin baza versiyası 190 at qüvvəli elektrik mühərriki və 66,5 kilovat-saatlıq batareya ilə təchiz edilmiş ön ötürməli Mercedes-Benz EQB 250 modeli olacaqdır. Model xəttinin zirvəsində ikimühərrikli Mercedes-AMG EQB modeli qərarlaşacaqdır. Bununla birlikdə, Avropa və ABŞ-da satılacaq qlobal EQB modelinin təqdimatı il ərzində keçirilməlidir.

EQB və GLB modellərinin interyerləri arasındakı fərq minimaldır: elektromobil cihazlar panelinin özünəməxsus qrafikasına və MBUX media sisteminin fərqli interfeysə malikdir. "Batareyalı" krossoverin digər cəhəti bürünc rəngli dekorudur.

Döşəmə altında dartma batareyasının olması salonun transformasiyasına təsir göstərməyəcəkdir: ikinci scərgənin oturacaqlarını əvvəlki kimi 140 millimetr aralığında uzununa hərəkət etdirmək olar, qatlanmış oturacaqlar isə rəvan döşəməni yaradır. Çində EQB modeli standart olaraq 7 nəfərlik salonla təklif ediləcəkdir, Avropada isə üçüncü cərgə opsiya olacaqdır.

Elektromobilin baqaj bölməsi GLB modelində olduğundan bir qədər kiçikdir: beş oturacaqlı EQB modelinin baqaj bölməsinin həcmi 495 - 1710 litr arasındadır, adi GLB krossoverində isə  bu göstərici 570 - 1805 litr təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-Benz EQB modelinin Çindəki satış qiymətləri belə hələlik dərc olunmayıb. Çox güman ki, elektrik krossoverinin Çindəki satışlarına yayda, Avropadakı satışlarına isə payızda başlanacaqdır.