Mercedes-Benz şirkəti təqdimatına hazırlaşdığı GLB krossoverinin növbəti tizerini dərc edib. Bu dəfəki videotizer, konseptual avtomobilin sanki “Jurassic Park” filmində çəkilmişdir kimi bir təəssürat yaradır. Mercedes-Benz GLB Concept prototipinin bu ay işinə başlayacaq Şanxay avtosalonunda debüt edəcəyi məlumdur.
Videoçarxda krossover ön fənərləri ilə “göz vurur”. Bundan başqa, onun damında işıqdiodlarından hazırlanmış panelin quraşdırıldığı da nəzərə çarpır. Bu detal konseptə aiddir və çətin ki, seriya modelində debüt etsin. Videoçarxda avtomobilin mühərrikinin güclü səsi V8 mühərrikindən xəbər versə də, əslində bu 2,0-litrlik dörd silindrli turbomühərrik olacaqdır. Çox güman ki, bu gələcək Mercedes-AMG GLB 35 modelinin kapotu altında yeləşəcək turbomühərrikdir. Belə avtomobil artıq testlərdə iştirak da edir. Yeni krossoverin “bərkgedən” GLB 45 versiyasına da sahib olmaq ehtimalı vardır.