2019-cu ildə Mercedes-Benz EQC krossoveri ayrıca EQ ailəsinin ilk modeli olub. Bununla belə, bir müddət sonra ictimaiyyətin onu qəbul etmədiyi ortaya çıxıb. O, konveyer xəttində cəmi dörd il qala bilib və hətta restaylinqi gözləmədən rüsvaycasına istehsaldan çıxarılıb.

Hazırda alman istehsalçısı onu əvəzləmək üçün yeni elektromobili hazırlayır və şirkətin son strategiyasına əsasən, o, Mercedes-Benz GLC ailəsinə daxil olacaq. Yeni elektrik krossoveri firma kamuflyajında nümayiş etdirilir: şəkillər şirkətin Aryepluqdakı (İsveç) poliqonundakı qış sınaqları zamanı çəkilib. Eyni zamanda, ilk texniki detallar da dərc olunub.

Elektromobil Mercedes-Benz GLC with EQ Technology adlanacaq. Rəngarəng kamuflyaj örtüyü belə onun Mercedes-Benz krossoverlərinin tanış nisbətlərini və üslubunu saxlayacağını, həm də yeni detallar əldə edəcəyini gizlədə bilmir. Məsələn, LED ulduzları olan yeni ön və arxa fənərlər, həmçinin irəli çıxa bilən qapı tutacaqları.

Baqajın qapısının forması kuzovun əsaslı şəkildən yenidən işləndiyindən xəbər verir: ikinci nəsil yanacaqlı GLC cəmi üç il əvvəl debüt edib, odur ki, elektromobil modelin planlaşdırılan restaylinqinin carçısı ola bilər.

Mercedes-Benz GLC with EQ Technology 800 voltluq elektrik sisteminə malik olacaq və 320 kilovatdan çox gücü olan sabit cərəyanlı sürətli şarjı dəstəkləyəcək. Elektrik krossoverinin baza versiyası arxa oxda quraşdırılan yeganə elektrik mühərriki və iki pilləli reduktor ilə təchiz olunacaq. İnventor isə, silikon karbiddən hazırlanıb. Bütün bunlar vahid mühərrik modulunda yığılıb.

4Matic versiyasında ön oxda daha bir elektrik mühərriki quraşdırılıb - bu mühərrik birpilləli reduktora və batareyanın enerjisinə qənaət etmək üçün enerjinin tamamilə söndürməsi funksiyasına malikdir. İki mühərrikin ümumi gücü 489 at qüvvəsinə bərabərdir. 

Əyləc sistemində ayrıca gücləndiricini, baş silindri və ESP blokunu birləşdirən innovativ universal moduldan istifadə olunur. Bu, təkcə aqreqatların ölçülərini kiçiltməyə deyil, həm də əyləc pedalının həssas və inamlı şəkildə işləməsinə nail olmağa imkan verir. Bundan əlavə, bütün sistem elektromobilin gücləndirilmiş rekuperasiya sistemi ilə birlikdə işləmək üçün optimallaşdırılıb.

Dartma batareyasının tutumu 94,5 kilovat/saatdır və qrafitlə birləşdirilmiş silikon oksidindən hazırlanmış anod enerji tutumunun artırılmasını təmin etməlidir. Dolu batareya ilə təxmini yürüş məsafəsi ən azı 650 kilometr olmalıdır. İqlimə nəzarət sisteminə inteqrasiya olunmuş standart istilik nasosu da mənzilin artırılmasına xidmət edir. 

Mühəndislərin hesablamalarına görə, o, adətən interyerin istiləşməsinə və ya soyudulmasına sərf olunan enerjinin üçdə ikisinə qənaət edəcək. Digər detallar - pnevmatik asqı və tam idarələnən şassini də sifariş etmək mümkündür.

Mercedes-Benz GLC elektrik krossoverinin sınaqları davam edir və onun premyerası sentyabrda Münhendəki IAA sərgisində baş tutacaq. Elektrik krossoveri 2026-cı ilin yazında bazara çıxmalıdır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.