Ötən payızın əvvəlində Münhendə keçirilən IAA avtosalununda Mercedes-Benz GLC with EQ Technology elektrik krossoveri təqdim edilib. İndi isə, Çində onun uzun təkər bazası olan versiyası təqdim edilib: belə versiyalar artıq yerli bazar üçün ənənəvi hala gəliblər.

Zahiri cəhətdən yeni model demək olar ki, qlobal həmkarını təkrarlayır, lakin dəyişdirilmiş nisbətlərlə… Ön tərəfdə 942 işıq pikseli və xrom tərtibatı olan böyük psevdo-barmaqlıq klassik Mercedes-Benz modellərinin barmaqlıqlarından ilhamlanıb. Ön və arxa işıq texnikasında işıq saçan ulduzlar saxlanılıb, qapı tutacaqları isə, gizlədilib. Nəhayət, panoram dam nəzərdə tutulub, kuzovun rəng palitrasına üç yeni çalar əlavə edilib: bənövşəyi-gümüşü, mavi və boz.

Avtomobilin uzunluğu 4949, eni - 1970, hündürlüyü - 1710, təkər bazası isə, 3027 millimetrdir: yeni model qlobal krossoverdən 104 millimetr uzun, 57 millimetr enli və 66 millimetr hündürdür, təkər bazası isə, 55 millimetr daha uzundur. Təkər disklərinin diametri 20 düymdür.

İnteryer tərtibatı da “qısa” versiyadan götürülüb: belə ki, burada nəhəng 39,1 düymlük MBUX ekranı və proyeksiya displeyi var. Avadanlıqlar siyahısına qızdırılan, havalandırılan və masaj funksiyası olan ön oturacaqlar, smartfon üçün simsiz şarj qurğusu və Burmester audio sistemi daxildir.

Mercedes-Benz GLC 350 L 4Matic elektrik krossoveri ikimühərrikli tam ötürmə sistemə malik olacaq. Ön mühərrik 222, arxa mühərrik isə, 408 at qüvvəsi hasil edəcək. Qurğunun ümumi gücü 630 at qüvvəsinə bərabər olacaq.

Dinamik göstəricilər hələlik açıqlanmayıb, lakin maksimal sürətin 200 km/saat olduğu məlumdur. 89 kilovat/saatlıq batareya 2515 kiloqramlıq avtomobilə 703 kilometrə qədər məsafə aət etməyə imkan verəcək.

Image alt Image alt Image alt

Xatırladaq ki, qlobal krossoverin debüt versiyası olan Mercedes Benz GLC 400 4Matic with EQ Technology ümumi gücü 489 at qüvvəsi olan iki mühərriklə təchiz edilir və 0-dan 100 km/saata 4,3 saniyəyə sürətlənə və 210 km/saat maksimal sürəti toplaya bilir. Onun 94 kilovat/saatlıq batareyası isə, WLTP standartına əsasən, şarj etmədən 713 kilometrə qədər məsafə qət etməyə imkan verir.

Uzunbazalı elektrik krossoveri haqqında əlavə məlumatların tezliklə açıqlanması gözlənilir: o, Pekin Avtomobil Sərgisində təqdim olunacaq. Satışların 23 apreldə başlanacağı bildirilsə də, qiymətlər hələlik açıqlanmayıb..

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.