Mercedes-Benz şirkəti GLC krossoverinin hidrogen yanacaq elementlərindən qidalanan güc aqreqatı ilə təchiz edilmiş variantını təqdim etmişdir. Konsept avtomobili GLC F-Cell adını almışdır. Avtomobil istehsalçısının bildirdiyinə görə, hidrogen və oksigenin kimyəvi reaksiyasından alınan enerjidən istifadə edən güc aqreqatını, yığcam ölçüləri sayəsində GLC krossoverinin kapotunun altında yerləşdirmək mümkün olmuşdur. Bununla belə, hidrogen üçün nəzərdə tutulan karbondan hazırlanmış iki çən avtomobilin döşəməsinin altında yerləşdirilmişdir. Çənlərin tutumu dörd kiloqram təşkil edir ki, onları da xüsusi hidrogendoldurma məntəqələrində üç dəqiqəyə doldurmaq mümkündür.
Bundan başqa, avtomobil tutumu doqquz saat olan litium-ion batareyalar dəsti ilə də təchiz edilmişdir. Bu dəst avtomobilin arxa hissəsində yerləşdirilmişdir. Batareyalar sayəsində Mercedes-Benz GLC F-Cell konsepti hidrogen işlətmədən 50 kilometr məsafəni qət edə bilər. Ən əsası da, bu batareyaları məişət şəbəkəsindən doldurmaq mümkündür. Əyləclənmə və gillədə-gillədə getmə zamanı kinetik enerjini elektrik enerjisinə çevirən sistem ilə təchiz edilmiş krossoverin ümumi yürüş məsafəsi 500 kilometr təşkil edir.
Mercedes-Benz GLC F-Cell avtomobilinin bir çox komponentlərini alman istehsalçısı özü istehsal edir. Buna misal olaraq, Daimler AG konserninin törəmə müəssisəsi olan ACCUMOTİVE şirkəti tərəfindən buraxılan karbon çənləri göstərmək olar.
Alman şirkəti artıq konseptin seriya variantının hazırlanması üzrə işlərin getdiyini bildirmişdi. Lakin, belə avtomobilin nə zaman işıq üzü görəcəyi barədə heç bir açıqlama verilməmişdir.