Yeni nəsil Mercedes-Benz GLE ofrouderinin E-Active Body Control sistemi ilə təchiz edilidyi barədə yazmışdıq. Bu gün mercedesbenzpassion YouTube kanalında bu sistemin çalışmasını əks etdirən videoçarx yayılıb.

Məlumdur ki, bu sistem 48 voltluq elektrik şəbəkəsi və hər bir amortizator dayağında quraşdırılmış hidroakkumulyatorlar vasitəsi ilə çalışır. E-Active Body Control sistemi ofrouderin hər bir amortizatorunun sərtliyinə və təkərinin vəziyyətinə fərdi şəkildə  nəzarət etmək imkanı verir.

Əslində E-Active Body Control sistemi Mercedes-Benz GLE modelinə opsional olaraq  quraşdırılır – yəni, bu sistemi sifariş etmək üçün əlinizi cibinizə salmalısınız. Sistemin tərkibinə 15 metrlik məsafədə yolun vəziyyətini öyrənən stereokamera, Airmatic pnevmatik asqısı və güclü hidravlika daxildir. Avtomobilin kamera və vericilərindən məlumatları alan bortkompyüter üç millimetr dəqiqliklə kuzovun gərək olan hündürlüyünü müəyyən edir və yoldakı nahamarlıqlarıkompensasiya edir. Üstəlik, sistemin işləmə səviyyəsini sürücü sərbəst şəkildə tənzimləyə bilər.  

E-Active Body Control sistemi kuzovun döngələrdə yana, əyləcləmə zamanı isə önə və arxaya əyilmələrinin qarşısını alır. Eyni zamanda, sistem mərkəzdənqaçma gücünü azaltmaq üçün kuzovu döngənin daxilinə də əyə bilər. Yolsuzluq şəraitində hidroasqı avtomobilin kuzovunu bir neçə dəfə yeyin şəkildə qaldırıb-salamağı bacarır. Bu, ofrouderin sərbəst şəkildə qumdan çıxmasına şərait yaradır. Bundan başqa, multimedia sisteminin displeyi vasitəsi ilə hər bir təkərin hündürlüyünü tənzimləmək olar.

Mənbə: Motor.ru