Dünən Mercedes AMG Petronas komandasının ulduzu olan beşqat dünya çempionu Lyuis Həmilton Mercedes-Benz şirkətinin firma dizayn mərkəzini ziyarət edib. Dizayn mərkəzində Həmiltona bir neçə əlamətdar konseptləri nümayiş etdiriblər. Eyni zamanda, Formula 1 pilotu Mercedes-Benz dizaynerlərinin iş prosesinə də müşahidə etmək imkanına malik olub.
Ən maraqlısı isə, Lyuisə hazır maketlərdən biri üzərində işləmək şansının verilməsidir. Bu maket naməlum kupenin plastilindən hazırlanmış maketi olub. Qeyd etmək gərəkdir ki, maket detallaşdırılmış xəttlərə malikdir: sportkarın ön hissəsində Mercedes-AMG One hiperkarının tanış cizgilərini görmək olar.Bundan başqa, modelin 2013-cü ildə göstərilmiş AMG Vision GT konseptinə bənzəmədiyi də diqqəti çəkib. Bəs bu hansı modeldir?
İlk ağıla gələn, maketin Mercedes-AMG GT kupesinin yeni nəslinin olacağıdır. Ştutqartlılar bu ehtimalı təsdiq etməsələr də , “bir qədər hövsələ edib, bizi gələcəkdə nəyin gözlədiyinə baxmağı” məsləhət görüblər.
Xatırladaq ki, bir müddət bundan öncə AMG bölməsinin başçısı Tobias Moersin növbəti nəsil AMG GT modeli üzərində çalışmaların başladığını bildirib. Yeni modelin hansısa idman platformasında inşa ediləcəyi və onu yeni nəsil Mercedes-Benz SL modeli ilə bölüşdürəcəyi söylənilib. Görünən odur ki, bayraqdar AMG One modelində həllini tapmış dizayn üslubu Affalterbaxdan olan digər modellərdə aktiv şəkildə istifadə ediləcəkdir.